
Premyer Liqanın 26-cı turu həm də milli komandanın baş məşqçisi Canni De Byazinin əksər oyunları tribunadan izləməsi ilə yadda qaldı.
Onun arenada olduğu qarşılaşmalardan biri də "Turan Tovuz" - "Qəbələ" matçı oldu.
Bərabərliklə başa çatan (1:1) qarşılaşmadan sonra italiyalı mütəxəssisin meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasovla isti münasibətini özündə əks etdirən foto diqqətdən qaçmadı.
Bölgə klubunun çalışdırıcısı ilə əlaqə qurmaq məqsədimiz də məhz De Byazi ilə arasındakı dialoqun nədən ibarət olmasını öyrənmək idi.
Təcrübəli mütəxəssis sorğumuza cavab olaraq bunları dedi:
"Bir az zarafat elədik. Tovuz haqqında, komanda haqqında fikirlərini dilə gətirdi. Hücumçumuz Belajdi Pusini tanıdığını bildirdi və ona uğurlar arzuladı. Bir-birimizə gələcək karyeramızda uğurlar arzuladıq. "Sumqayıt"da işlədiyim zaman da belə görüşlərimiz olurdu. Hörmət saxlayan məşqçidir".
XANOĞLAN / SPORTİNFO.AZ