Təhlükə hələ sovuşmayıb, nəyə arxayındırlar belə?

14 Mart 2023 17:40 Turan 542
Təhlükə hələ sovuşmayıb, nəyə arxayındırlar belə?

«Turan Tovuz»ın cari məqsədi bəribaşdan məlumdur.

Premyer Liqada qalmaq debütant üçün çempionluq qədər qiymətli vəzifədir.

Tamahkarlıq eləmirlər. Ayaqlarını yorğana görə uzadırlar.

Bu mərama yetişmək yolunda hər xal qızıldır. Həmin xallardan birini «Qəbələ»dən «oğurladılar».

Bakıda «Neftçi»yə 0:4 hesabıyla uduzmuş «Turan» doğma publika önündə çaxnaşmaya düşmədi, hər iki hissənin əvvəlində və ortasında qolla burun-buruna gəldi.

Gücləri çatmadı, yoxsa matçın tamamını eyni səviyyədə keçirərdilər.

«Turan» səfər komandasıdır. Tovuzda bir elə yaxşı oynaya bilmirlər. «Qəbələ» ilə qarşılaşma isə evdəki oyunlar arasında ən zəifi idi.

Stadion bu dəfə dolmadı. Tribunada yerini tutanların böyük əksəriyyəti komandaya lazımı səviyyədə dəstək olmadı.

Futbolda elə anlar var ki, orada sözü «12-ci oyunçu» deyir.

Azarkeş sevimli komandasının oyunu alınmayanda özünə «əl qatar», tribunanı lərzəyə gətirər, rəqibi təzyiq altına alar. Bax, gerçək tərəfdar odur.

Tovuzlu fanatlar məndən inciməsin: bu dəfə üzərlərinə düşəni etmədilər. Sadə seyrçi mövqeyində dayandılar.

Görünür, arxayındılar. Ki, «Turan Tovuz» təhlükəni adladıb, autsayderlər qrupuna enməyəcək. Belə fikirləşirlərsə, yanılırlar.

On tur qalıb mövsümün başa çatmasına. Bu, 30 xal deməkdir. Otuz xal e, otuz xal!

Qarşıdakı aylarda çox sular axacaq hələ. Ona hazır olmaq lazımdır, 27 xalın istisinə qızınmaq tezdir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti