Tanınmış biznesmen "kisənin ağzını açdı" – Bu klub üçün

13 Mart 2023 16:40 Turan 1 073
Tanınmış biznesmen "kisənin ağzını açdı" – Bu klub üçün

“Huner Group”un “Turan Tovuz”a baş sponsorluq öhdəliyini üzərinə götürməsindən sonra qərb təmsilçisinin üzünə gün doğub.

Əməkdaşlıq müqaviləsinin rəsmiləşməsinin üstündən bir ay keçməmiş əsas komandaya avtobus alındı.

Titul sponsor 200 min manatlıq nəqliyyat vasitəsinin alınması üçün 100 min manat xərcə düşüb.

Hələ bu harasıdır?

Şirkətin təsisçisi Ehtiram Quliyev Tovuz şəhər stadionundakı bütün çatışmazlıqların aradan qaldırıması üçün göstəriş verib və lazım olan maliyyəni ayırıb.

Belə ki, artıq yeni tablonun quraşdırılması işinə start verilib. Bunun üçün yer qazılıb, işçi qüvvəsi ayrılıb, ən vacibi tablo Tovuza gətirilib. Aprel ayının əvvəlinə kimi tablo quraşdırılacaq.

Lakin “fəaliyyət göstərməsi” bi qədər vaxt aparacaq. İş burasındadır ki, tablonu quraşdırmaq işə salmaqdan asandır. Cihazı elektronika tərəfdən hazır vəziyyətə gətirmək və çalışdırmağa müəyyən zaman tələb olunur.

Stadionun əsas dərdi olan projektor problemi də həllini tapıb. İşıqlar xarici ölkələrindən birindən Bakıya gətirilib. Projektorlar Tovuza aparılmamışdan öncə mütəxəssislər bölgəyə səfər edərək şərait və ərazi ilə yerində tanış olub.

Məlum olub ki, projektorların istifadəyə verilməsi də xeyli vaxt alacaq. Klub rəsmiləri buna “Neftçi”ylə kubok görüşünə kimi nail olmaq istəsə də, arzu gerçəkləşməyəcək. Çox güman, mövsümün sonuna qədər gözləmək lazım gələcək.

Mövsümün sonu demişkən, çempionat başa çatan kimi mərkəzi sektorla üzbəüz tribunalar söküləcək. Daha çox azarkeş tutumuna malik və operatorların çəkiliş apara bilməsi üçün xüsusin yerlərin ayrılacağı yeni tribuna inşa olunacaq.

Həmin tribunanın alt hissəsində isə ictimai iaşə obyektləri istifadəyə veriləcək.

Qısası, “Huner Group” maddi baxımdan lazım olan dəstəyi verməklə klub və komandanın sıxıntı yaşamamasına çalışır.

Qalır heyəti yayda gücləndirib, növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti