"Bu, bir anın içində olmadı, sonda qərar verdim ki…"

10 Mart 2023 13:00 Turan 409
"Bu, bir anın içində olmadı, sonda qərar verdim ki…"

"Turan Tovuz" baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

42 yaşlı mütəxəssis daha üç il Tovuz komandasının sükanı arxasında olacaq.

Mövsümün əvvəlindən "Turan Tovuz"da işləyən Abbasov yeni anlaşma ilə bağlı Sportinfo.az-a açıqlama verib:

"Hər şey bir anın içində olmadı. Danışıqlar bir müddətdir davam edirdi, sonda qərar verdim ki, daha üç il burada qalım.

Əlbəttə, Bakıdan xeyli uzaqda xeyli müddət yaşamaq çətindir. Ancaq klub rəhbərliyinin, yeni sponsorumuz Ehtiram Quliyevin mənə etimadını görmək mənə xoş oldu.

İlk aylarda "Turan"da problemlər var idi, çox şükür ki, yeni sponsor gəldi və o çətinliklərimiz ortadan qalxdı. Artıq klubun həyatında yeni mərhələ başlayıb, hamı gələcəyə böyük ümidlərlə baxır.

"Turan" yalnız komanda deyil, klub kimi inkişaf etdirmək istəyirik. Yəni, "Turan"ın hərtərəfli inkişafı nəzərdə tutulub.

Mən də bunda pay sahibi olmaq, kluba öz tövhəmi vermək istəyirəm. Yaxşı və uzunmüddətli planlar var.

Ümid edirəm ki, üçillik bu müqavilə hər iki tərəfin xeyrinə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti