Ermənilərlə üzbəüz rayonda elə komanda formalaşdırıb ki...

8 Mart 2023 23:40 Turan 913
Ermənilərlə üzbəüz rayonda elə komanda formalaşdırıb ki...

“Turan Tovuz” bu mövsüm ən ağır məğlubiyyətini “Neftçi” səfərində aldı.

Komanda “Baksel Arena”da keçirilən görüşdə güclü rəqibinə 0:4 hesabı ilə uduzdu.

Arxada qalan 25 tur ərzində Tovuz təmsilçisi ən pis halda 3 top fərqi ilə uduzmuşdu.

O da cəmi bir dəfə - “Qarabağ”la ikinci dövrənin oyununda.

Məncə, oyunun belə məcraya yönəlməsinə damğasını vuran başqa məqamlar da oldu.

Məsələn, ötən tur “Zirə” məğlubiyyəti ilə qonaqların ilk “dördlük”də qərar tutmaq şansları bitmişdi.

Hər nə qədər komanda üçün ilk “altılığ”ın uğur olduğunu desək də, iştah da diş altındadır axı.

İstər-istəməz həmin məqam mənfi ab-havaya yol açmışdı.

Bundan başqa Şəhriyar Əliyevin yoxluğu da özünü göstərdi.

Hər nə qədər heç kim əvəzolunmaz desək də, bugünkü “Turan”ın heyətində bəlli 3-5 nəfərdən biri olmayanda boşluqlar qabarıq üzə çıxır. Yoxluğun unutdurmaq çətin olur.

Elə kapitan kimi. İlk qolun necə buraxıldığına baxmaq yetərlidir. İddia etmirəm ki, Əliyev olsaydı, nəticə müsbət olacaqdı. Amma əminliklə deyə bilərəm ki, yoxluğu ciddi boşluq buraxdı.

Ən önəmli bir məsələ də tərəflərin kubokda bir-birinə rəqib olmasıdır. Arada ciddi səviyyə fərqi olsa da, Ayxan Abbasov dəfələrlə o fərqi aradan götürə bilib. Həm “Zirə”də, həm də “Sumqayıt”da.

Növbəti cəhd niyə uğurlu olmasın? Düşünürəm ki, təcrübəli mütəxəssis həmin görüşlərdə ayıracağı zamanın heç 50 faizin bu matça sərf etməmişdi.

Əks halda, daha mübariz, daha diri “Turan” görə bilərdik.

Əslində indiki “Turan”ın belə hesabla tez-tez uduzması normal qarşılanmalı idi. Biz isə tam başqa mənzərə görürük.

Səbəb məlumdur, Ayxan Abbasov qısa müddətdə elə komanda formalaşdırıb ki, gözləntilər potensialın üstünə qalxıb.

Hətta “Qarabağ” və “Neftçi”yə böyük hesablı məğlubiyyətlər ciddi üzüntü yaşadır. Məncə, elə bu fakt özlüyündə “Turan”ın Ayxan Abbasovla qısa müddətdə nə qədər böyüdüyünü göstərir.

Bunu onun böyük azarkeş ordusu da gözəl bilir.

Əks halda, 90 dəqiqənin sonun darmadağın olan futbolçuları yanlarına çağırıb, alqışlara qərq etmək kimi böyük addımı atmazdılar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti