“Neftçi”nin şəninə tərif yağdırdı, bir nəfərin adını çəkdi

7 Mart 2023 20:00 Turan 846
“Neftçi”nin şəninə tərif yağdırdı, bir nəfərin adını çəkdi

“Neftçi” Premyer Liqanın 25-ci turunda “Turan Tovuz”u böyük hesabla (4:0) məğlub etməyi bacardı.

“Qarabağ”la oyunda əldə olunmuş böyük hesablı qələbənin komanda üzvlərində inam yaratdığı görünürdü.

Bu cür nəticənin qeydə alınmasında, heç şübhəsiz, qonaqların müdafiə xəttindəki kobud səhvlər başlıca rol oynadı. Meydana cəzalı kapitan Şəhriyar Əliyevsiz çıxan “Turan Tovuz”un müdafiə xəttində sözün əsl mənasında xaos yaşanırdı.

Qərblilərin CAR-lı müdafiəçisi Xulu Siyanda Sportinfo.az-a verdiyi açıqlamada matçla bağlı danışıb, məğlubiyyətin səbəbini göstərib:

“Rəqib “Neftçi”dirsə, çətinlik çəkməyimiz normaldır. Çox qaçdılar, mübarizə apardılar, qol imkanları yaratdılar və layiqli qələbə qazandılar.

Qış fasiləsindən sonra kifayət qədər inamlı görünürlər. 3 oyunda qalib gəlmişdilər, “Qarabağ”la bərabərə qalmışdılar.

Keyfiyyətli futbolçulara sahibsənsə, meydanda istədiyini edəcəksən. Etiraf edək ki, bu gün bizdən üstün futbol oynadılar.

Biz isə 7-8 ayın komandasıyıq. Görəcək işlərimiz çoxdur. Çatışmazlıqların üzərində çalışmalıyıq ki, gələcəkdə eyni problemlər yaşanmasın.

O ki qaldı müdafiə xəttindəki səhvlərə, bu, normaldır. Hansısa vacib futbolçu olmayanda, çətinlik özünü göstərir, anlaşma səviyyəsində problemlər olur.

Şəhriyar Əliyevin olmaması müəyyən mənada sözünü dedi. Yenə deyirəm, vacib olan səhvlərdən nəticə çıxarmaqdır”.

“Turan Tovuz” 26-cı turda “Qəbələ”ni qəbul edəcək. Martın 11-də baş tutacaq oyun saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti