“Hələ ki, Azərbaycan və ya xarici klublardan təklif almamışam.
Açığı, bununla bağlı mənə söz deyən olmayıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında cari mövsümdə “Turan Tovuz”un heyətində parlaq oyunu ilə seçilən Natan Oduva deyib.
Bu ilin ilk yarısında “Şamaxı”nın heyətində ciddi mənada heç nə ilə yadda qalmayan ingiltərəli vinger bölgə təmsilçisində kifayət qədər xoş təsir bağışlayır.
Xüsusən güclü rəqiblərə qarşı matçlarda adından söz etdirən ucaboy futbolçunun texniki bacarığı yüksək qiymətləndirilir. Bu cür davam edəcəyi halda iddialı klubların Natanı “Turan Tovuz”dan qoparacağı sirr deyil.
Səbəbkarın saytımıza açıqlamasında avrokuboklarda çıxış etmək arzusunu gizlətməyib:
“İlk növbədə Tovuzda və komandada özümü xoşbəxt hiss etdiyimi deməliyəm. Və bu gün burada olduğuma görə qəti peşman deyiləm.
Mənim üçün həm həyat, həm də karyera baxımından yeni təcrübədir. Amma hər futbolçunun olduğu kimi, mənim də arzum var – avrokuboklarda oynamaq.
2 il əvvəl “Dandalk”ın heyətində Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı qazanmışdım. Daha öncə “Olimpiya” (Lüblyana) ilə həmin yarışın təsnifat mərhələsində çıxış etmişdim.
Bu cür turnirlər istənilən futbolçu üçün zirvədir, inkişafdır. Amma hələ ki, elə bir klubdan təklif yoxdur.
Kim bilir, bəlkə avrokubok istəyimə “Turan Tovuz”la çatacam (gülür). Bu dəqiqə bütün diqqətimi qarşıdakı oyunlara ayırmışam. Gələcəkdə nələrin baş verəcəyini zaman göstərəcək”.
“Tottenhem”in yetirməsi olan Natan Oduva vaxtilə “Reyncers”, “Kolçester Yunayted”, “Peterboruq Yunayted”, “Olimpiya”, “Velye”, “Hapoel Hadera” və “Dandalk”ın formasını geyinib.
O, cari mövsümdə Premyer Liqada 13 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub. Azərbaycan kubokunda 2 matçda 1 dəfə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ

