Zədələr, cəzalılar qayıdanda "Turan" başqa komanda təsiri bağışlayır.
Baş məşqçinin əl-qolu açılır. İmkanları genişlənir.
Meydanda başqa futbol, başqa mübarizə görürük. Məsələn, "Neftçi" ilə oyunda olduğu kimi.
Qərb təmsilçisi mövsümdə bəlkə də ən yaxşı oyunun keçirdi. Məğlub oldu, ancaq tərəfli-tərəfsiz hər kəs üzüldü. Həttaq qonaq fanatlar da etiraf etdi ki, minimum bir xal Abasovun komandasının halalca haqqı idi.
Runi Eva 100 yox, 1000%-lik epizodu qolla tamamlasaydı, nəinki xal, hətta xallar gələ bilərdi. Əvəzində lazımsız top itkisi, diqqətsiz hərəkət "ağ qaralar"ın penal vurması ilə nəticələndi.
Düzdü, buraxılan qol mübarizə əzmini böyük ölçüdə qırdı. Amma sona yaxın yenə bərabərlik üçün imkanlar vardı.
Komanda məğlub oldu, lakin meydanda güclü rəqibindən birbaş üstün oynadı. Hələ Henry Okekbuqvu geri qayıtmayıb.
Runi Eva, Şəhriyar Əliyev ağrıkəsici hesabına meydana çıxır. Zədədən qayıdan Ehtiramı, Eltonu, Xəyalı tam güclərində deyil. Uzun müddət zədəli olan Pruzi hələ indi-indi özünə gəlməyə başlayır.
Yəni, narahatlıqlar qalmaqdadır. Bu problemlər tam aradan qalxsa və qış fasiləsində kollektiv 20-30% güclənə bilsə mövsümün ikinci yarısı çox yaxşı "Turan Tovuz" görə bilərik.
XANOĞLAN İMANOV

