Bu mövsümün sonunda «Turan Tovuz»u kubokun yarmfinalında, finalında görsək, necə olar?
Təəccüblənirsiz, deyilmi?
Ayxan Abbasovun belə bir keçmişi var, nə tez unutduq.
«Sumqayıt»ı iki dəfə kubokun finalına daşıyan məşqçi odur da. Həmin «Sumqayıt» ki, ondan əvvəl və ondan sonra bir dəfə də bu uğurun yanından ötüb keçə bilməyib.
Ayxan Abbasov harada işləyib, futbolçularını ikili oyunlara hazırlamaq qabiliyyətini nümayiş etdirib.
Belə götürsək, kubok yarışması «Turan Tovuz»un nəyinə gərəkdir, heyəti, onsuz da, qısırlıdır.
Daşı kimə atırsan, gedib zədəli futbolçuya dəyir. Odey, dünən də Gəncədə Xəyal Nəcəfov sıradan çıxdı. «Neftçi»dən icarəyə götürülmüş yarımmüdafiəçi stadiondan birbaşa xəstəxanaya aparıldı.
Problemli oyunçuların çoxluğu Ayxan Abbasovu boğaza yığıb. Ancaq prestij məsələsi onu daha çox qayğılandırır.
Qəpiyə güllə atan «Turan» yarımfinala vəsiqə qazansa, görün, Tovuz əhli necə sevinər.
Rayon camaatına bu sevinci yaşadan baş məşqçiyə və futbolçulara bəlkə onda yerli iş adamları da sahib çıxdı.
Eşidirsən ki, Tovuzun nə qədər imkanlı şəxsi var, biri də səxavət kisəsinin ağzını açmır amma. «Hacı Qara»ları insafa gətirmək, utandırmaq üçün bu yarışma bu bir fürsətdir.
KAMİL

