«Turan Tovuz» rayonun icra başçısı Məmməd Məmmədova olan borcunu geri qaytarmağa başlayıb.
Söhbət 150 min manat civarında məbləğdən gedir.
Bu borc yaydan yığılıb qalıb. Belə ki, 9 ildən sonra Premyer Liqaya buraxılan qərb klubu yeni mövsümün hazırlığına rayon rəhbərinin köməkliyi ilə start verib.
İyunun ortasında bir araya gələn komanda M.Məmmədovun ayırdığı maliyyə hesabına Gürcüstanda təlim-məşq toplanışı keçib.
Həmçinin geyim və inventarla təmin edilib. Yeni gələn futbolçulara ödəmələri də İH rəhbəri öz büdcəsindən qarşılayıb.
«Turan» indi həmin borcu hansı yolla qaytarır? Təbii ki, AFFA vasitəsilə dövlətdən aldığı fonddan.
Həmin vəsaitin aybaay köçürülməsinə sentyabrın ikinci yarısından başlanıb və əyalət klubu da həmin tarixdən bu yana icra başçısına borcun əhəmiyyətli hissəsini geri qaytarıb.
SPORTİNFO.AZ

