Üzünü çevirib çıxıb gedəcək - PULSUZLUQDAN

1 Dekabr 2022 14:00 Turan 661
Üzünü çevirib çıxıb gedəcək - PULSUZLUQDAN

Maliyyə çatışmazlığı «Turan Tovuz»un əl-qolunu bağlayıb.

Pul sarıdan korluq çəkirlər.

Deyəsən, qışı sakit keçirəcəklər. Ayxan Abbasovdan da bunu eşitdik. Dedi ki. əskinas yoxdursa, yeni transferlər barədə düşünmək yersizdir.

Düz danışanı 100 köydən qovarlar. Abbasov isə Tovuzdan özü getmək istəyir. Nəsə, belə başa düşdüm onu. Bəlkə də yanılıram.

Ancaq bəndənizə elə gəlir ki, Ayxan bəy bu qərb rayonunda sıxıntıyla dolu gün keçirir. Bir gün, iki gün, lap bir ay, beş ay… İstər-istəməz yorur adamı, bezirsən.

Ayxan Abbasovun canı daşdan, dəmirdən, qumdan, sementdən deyil. İnsandır, nəfəs alır, hava udur, su içir, yeriyir, yemək yeyir, hərəkət edir, görür, izləyir, analiz edir.

Onu burada saxlayan tək qüvvə Nadir Nəbiyevdir. İdman direktoru başqa şəxs olsaydı, Abbasov Bakıdan 500 km kənara yollanmazdı, qayğısı başdan aşan, dərd-səri bitməyən komandanın sükanı arxasına keçməzdi.

Belə bir söz var - səni istəyirəm, amma özümü səndən də çox istəyirəm. Futbolda əbədi bağlılıq deyilən ənənə yoxdur, olmayıb və olmayacaq da.

Problemlər xırtdəyə çıxanda, bitib-tükənməyəndə naəlac qalırsan və bir gün üzünü çevirib gedirsən.

Tovuzun İcra Hakimiyyəti, yerli iş adamları, nə bilim, kimlər, kimlər «Turan»a əl tutmalıdır. Gücü bir yerə qoyub, onu ayağa qaldırmalıdırlar.

Bidiyimə görə, hərə yaxasını bir tərəfə çəkib, hərə bir bəhanəylə klubun ətrafından uzaqlaşıb. Avrokuboklarda çıxış edən ilk Azərbaycan təmsilçisi kimi tarixə keçmiş «Turan»ın halına yanmaq tək Ayxan Abbasova qalmayıb ki…

Minimum şəraiti də ona yaratmayandan sonra burada qalıb işləməyin nə mənası var ki?

Bu gün əksər dövlət qurumlarında Tovuz torpağının yetirmələri çalışır. Xeyli biznesmeni var rayonun.

Toyda-büsatda kim tost demək istəyirsə, bəydən çox, «Turan»dan danışır, tərifləyir. İşə gələndə, əli cibə atmaq məqamı yetişəndə isə bir-bir də yox, cüt-cüt aradan çıxırlar.

Tovuzun öz imkanları şəxsləri rayonun fəxri saylıan kluba lazımsız əşya kimi yanaşandan sonra Ayxan Abbasovdan nə tələb etmək olar ki?

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti