Baş məşqçi dad edir: Rəhbərlik çarəsizdir, bəs iş adamları?

2 Dekabr 2022 22:40 Turan 739
Baş məşqçi dad edir: Rəhbərlik çarəsizdir, bəs iş adamları?

3 turdan sonra Azərbaycan Premyer Liqasında qış fasiləsi start götürəcək.

Bu, klubların güclənməsi üçün yeni transferlər etməsi baxımından ələ düşən əla fürsətdir.

Artıq indidən əksər klubların əməli işə başladığı, danışıqlar apardığı yeni simalar olduğu sirr deyil.

Amma bunu heç də bütün klublarımıza aid eləmək olmaz.

Məsələn, “Turan Tovuz” kimi. Gedişat göstərir ki, Ayxan Abbasovun fasilədə komandasının gücünə güc qatmaq imkanı olmayacaq.

Hər halda “Sabah”la oyundan sonra təcrübəli mütəxəsissin açıqlaması belə deməyə əsas verir.

SİTAT: “Transfer üçün əlavə büdcəyə ehtiyacımız var. Pulumuz yoxdursa, transfer haqda düşünmək istəmirik. Rəhbərliyə ayrılan pulla komanda qurmuşuq. Rəhbərlik üzərinə düşən işin öhdəsindən gəlib. Bizə əlavə büdcə lazımdır. Digər klubların transfer etmələri üçün 1-2 sponsoru olur. Bizdə bu da yoxdur”.

Göründüyü kimi, qərb təmsilçisi qış fasiləsində güclənə bilməyəcək. İlk maneə isə klubun büdcəsinin yetərli olmamasıdır.

Baş məşqçinin haqqlı arqumentlərlə səsləndirdiyi fikirlərə bir sözümüz yoxdur. Hər halda, ona da pul ayrılmalıdır ki, istədiyi də olmasa, komandasına güc qatacaq yeni oyunçuları heyətə qata bilsin.

Burada rəhbərliyin də üzərinə çox getmək olmur. Ki, dövlətin ayırdığı bəlli büdcə var və ondan kənara çıxmaq mümkünsüzdür.

Amma vəziyyət göründüyə qədər də çıxılmaz deyil. Həll yolları var. Haqqlı olaraq soruşa bilərsiniz ki, necə? Məsələn, yerli iş adamlarının dəstəyi ilə.

Komanda 9 il idi Premyer Liqadan kənarda qalmışdı. Hamı bəh-bəhlə bölgə klubunun Prmyer Liqaya qayıtmasını dəstəkləyir, piarını aparırdı. Elə həmin iş adamları da.

Və o gün gəlib çatdı. “Turan Tovuz” bu gün yüksək liqada mübarizə aparır. Lakin dəstəksiz formada.

Bir kimsə arxada qalan yarım ildə kluba yaxın durub, öz dəstəyini təklif etməyib. Söhbət heç milyonlarla maliyyə yardımından da getmir. Bu gün “Turan” üçün hətta 50-60 min manatın böyük dəyəri var. Ki, o pula ən azı normal bir transfer həyata keçirmək olar. Göstərilən məbləği isə kiçik biznesi olan iş adamları belə kluba dəstək kimi verə bilər. Bu, həm də mənəvi məsələdir axı.

Amma verən yoxdur. Belədə də haqqlı sual yaranır – Tovuzdakı iş adamları haradadır, niyə bir addım yaxın gəlib, öz dətəklərini göstərmirlər?

Belə gündə də komandanın yanında olmayıb, nə vaxt olacaqlar? Ümid edək ki, iş adamları bu suallardan qaçmaq, bəhanələr arxasında gizlənmək barədə yox, tezliklə dogma rayonun təmsilçisinin dar günündə dəstək olmaq yolunu seçəcəklər. Qış fasiləsinə az qalır. Lakin düşünmək və addım atmaq üçün yetərli zamanın hələ də qaldığını deyə bilərik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti