“Pulumuz yoxdur, transfer haqda düşünmək istəmirik”

29 Noyabr 2022 17:10 Turan 512
“Pulumuz yoxdur, transfer haqda düşünmək istəmirik”

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 15-ci turunun "Sabah"la oyunu (0:1) haqda sualları cavablandırıb.

- Oyunun mahiyyətini başa düşürdük. "Sabah" ən yaxşı komandalardandır, yaxşı da formadadırlar. Bunu oyunla da sübut edirlər. Biz də xal qazanmaq istəyirdik. Futbolçularım yaxşı mübarizə apardı. Nəticənin fərqi yoxdur, istənilən halda, onlara təşəkkür edəcəkdim. İki-üç gün çətin vəziyyətdəydik. Bəzi oyunçular ağrı ilə oyuna çıxdılar. Onlardakı xarakter məni sevindirdi. İtkilərimiz çoxdur, bəzi oyunçular 50 faiz hazırdır. Amma məcburuq, geniş seçimimiz yoxdur. Sıx qrafikdəyik. Təəssüf ki, zədəlimizin biri də artdı. İtkilərimiz nə qədər çox olsa da, oyunçulardan əzmkarlıq istəyirik. Gənclərin "Sabah"dan çəkinməməsi məni sevindirir. Qarşıdakı oyunlara baxacağıq. Xal qazanmaq çətindir. Qışdan sonra görək də, nə edirik.

- "Turan Tovuz"un qışda heyətini genişləndirmək imkanı var?
- Reallığı demək lazımdır. Bu dəqiqə imkanımız yoxdur. Transfer üçün əlavə büdcəyə ehtiyacımız var. Təəsssüf ki, o da yoxdur, dəstək də. Hələ ki, transfer haqda fikirləşmirik. Pulumuz yoxdursa, transfer haqda düşünmək istəmirik. İstəyirik ki, komandadakılar sağlam olsun. Siyanda Xulu millinin heyətində 6-7 həftəlik sıradan çıxdı. Zədəlilərimiz çoxdur. Burada meydança amili də öz sözünü deyir. Futbolçular əziyyət çəkir. Gileylənmək də istəmirəm. Bu şəraitdə oynamağa razı olmuşuqsa, sona qədər mübarizə aparmalıyıq. Gənclər də düşən şansdan istifadə etməlidir. Belə oyunlarda təcrübə öz sözünü deyir. Sadəcə, biz də gənclərə şans verməyək, digər komandalar da. Sonra da deyirik, futbolçularımız oynamır. Ancaq onlar da bundan istifadə etməlidir.

- Qış fasiləsinə qədər ölkə kubokunda yarımfinala adlamaq şansınız var. Bunu reallaşdırsanız, bəlkə rəhbərlik nəsə edər?
- Zədəlilərimiz varsa, bu, o demək deyil ki, təslim olacağıq. Rəhbərliyə ayrılan pulla komanda qurmuşuq. Hər şey ilklərdən başlayır. Klubun tam formalaşması, Premyer Liqaya uyğunlaşması yolunda xeyli işlər görülüb. Rəhbərlik üzərinə düşən işin öhdəsindən gəlib. Bizə əlavə büdcə lazımdır. Digər klubların əlavə 1-2 sponsoru olur, hansı ki, oradan gələn məbləğə transfer edirlər. Bizdə bu da yoxdur.

- Demək olar ki, "Sabah"la matçda xal qazanmağınız üçün şans da yanınızda deyildi?
- "Sabah"la başabaş vuruşduq. Fərdi keyfiyyətlər var idi ki, göründü. Bu da normaldır. Birinci hissədə 2-3 epizod var idi ki, daha soyuqqanlı ola bilərdik. Əks-hücumlarda son ötürmə lazım idi. Elə oyunlar olub ki, biz də yaxşı oynamayıb qələbə qazanmışıq. Ancaq məni sevindirən futbolçularımın təslim olmamasıdır. Fikrimcə, indiyə qədər "Sabah"ın ən çox çətinlik çəkdiyi matç oldu. Sağolsun, məşqçiləri də komandamızı təriflədi. Məşqçilərin qiymət verməsi bizi sevindirir. Paltardəyişmə otağında futbolçularıma dedim ki, şans qazanan hər kəs sona qədər mübarizə aparsın.

Digər Xəbərlər
Xəbər Lenti