Qisasın SİRRİ MƏLUM OLDU: “Səhvlərimizi bir-bir dedi”

23 Noyabr 2022 21:00 Turan 424
Qisasın SİRRİ MƏLUM OLDU: “Səhvlərimizi bir-bir dedi”

“Çempionatda məğlub olduğumuz oyunlar olub. Fərdi səhvlər üzündən qapımızda qollar görmüşük”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kuboku çərçivəsində baş tutan “Şamaxı” – “Turan Tovuz” matçı ilə bağlı danışan qonaqların futbolçusu Şakir Seyidov deyib.

Xatırlayırsınızsa, tovuzlular noyabrın 4-də məhz “Şamaxı” ilə Premyer Liqanın 13-cü tur qarşılaşmasında 1:3 hesabı ilə məğlub olmuşdu. Həm də doğma meydanda, tovuzlu azarkeşlərin gözləri önündə.

Üstündən 18 gün keçəndən sonra Ayxan Abbasovun yetirmələri həmin rəqibini bu dəfə səfərdə yenməyi bacardı.

Ölkə kubokunda növbəti mərhələyə adlamaqla çempionatdakı məğlubiyyətin əvəzini çıxmış oldu. Seyidov Şamaxıdakı qələbənin sirrini açıb:

“Şamaxı ilə Tovuzdakı oyunda ciddi itkilərimiz var idi. Üstəlik, diqqətsizliyimiz üzündən rəqib qapımıza qollar vurmuşdu. Baş məşqçi oyundan sonra hər birimizə analizləri təqdim etdi.

Kimin harda səhv etməsi görüntülərdə əks olunmuşdu. Həmin səhvlərdən nəticə çıxarmağımız işimizə yaradı.

Məşqçilər heyəti “Şamaxı”nın güclü və zəif cəhətlərini diqqətimizə çatdırmışdı. Biz də həmin tapşırıqları yerinə yetirməklə istəyimizə çatdıq”.

“Turan Tovuz” Azərbaycan kubokunun ¼ final mərhələsində “Kəpəz”lə üzləşəcək.

Xəbər Lenti