“Bizdən qisas almaq istəyirdilər”

15 Noyabr 2022 23:00 Turan 415
“Bizdən qisas almaq istəyirdilər”

“Bildiyiniz kimi, son oyunlarda zədəli futbolçuların çoxluğundan əziyyət çəkirik.

“Şamaxı” və “Qarabağ”la ağır qarşılaşmalardan sonra 10 gün ərzində üçüncü oyuna çıxdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 14-cü turu çərçivəsində baş tutan “Kəpəz” – “Turan Tovuz” oyunu ilə bağlı danışan qonaqların futbolçusu Tərlan Quliyev deyib.

30 yaşlı müdafiəçinin fikrincə, gəncəlilər aşağı pillələrdə yer almasına baxmayaraq, rəqib doğma meydanda kifayət qədər inamlı təsir bağışlayır.

Elə buna görə də səfərdən xalla qayıtmaq “Turan Tovuz”luların ürəyincə sayıla bilər. Quliyev heç-heçənin qarşılaşmanın ədalətli nəticəsi olduğunu düşünür:

“Vaxtilə “Kəpəz”də oynamışam. Həmin meydanda rəqiblər üçün nə qədər çətin olduğunu yaxşı bilirəm.

“Kəpəz” həmişə evdə inamlı görünüb, bu gün də belədir. “Neftçi”yə azlıqda qalıb uduzmuşdular, “Səbail”ə 3 top vurmuşdular.

Bilirəm ki, bizimlə görüşdən də qələbə ilə ayrılmaq, ilk oyundakı məğlubiyyətin qisasını almaq istəyirdilər.

Müsahibələrindən “Turan Tovuz”la oyuna qisas hissi ilə yanaşdıqlarını hiss etmək mümkün idi. Yadınızdadırsa, ilk matçda rəqibi məğlub etmişdik.

Hər iki komandanın qol şansları oldu. Amma etiraf edək ki, 100 faizlik qol imkanlarını biz yaratdıq.

Sona yaxın Runi Eva ilə Natan Oduva qapıçı ilə təkbətək epizodlarda əla fürsətlər yaxalasalar da, Orxan Sadıqlı inamlı oynadı.

Bütün bunlara baxmayaraq, oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu düşünürəm”.

Bazar günü Gəncədə qeydə alınmış qolsuz bərabərlikdən sonra “Kəpəz” 9-cu pilləyə yuvarlanıb. 16 xala sahib “Turan Tovuz” isə 6-cı sıradakı mövqeyini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti