“Baxmayaraq ki, bu yay bəzi aparıcı oyunçular düşərgəni tərk etdi, ötən illərdəki kimi, yenə əzmkar, asan təslim olmayan, sona qədər mübarizə aparan komanda olacağıq“.
Sportinfo.az xəbər verir ki, bu açııqlama “Sumqayıt“ın kapitanı Vurğun Hüseynova məxsusdur.
6 ildən artıqdır bu formanı geyinən təcrübəli müdafiəçi mövsümlərarası fasilədə aparıcı futbolçularını itirən “Sumqayıt”ın yeni “futbol ili”ndə heç də “qapazaltı uşaq” təsiri bağışlayacağını düşünmür:
“Mən bunu əminliklə deyirəm. Düzdür, bu gün heyətdə gənclər üstünlük təşkil edir, ancaq onlara da inanırıq. Qəbələ toplanışı göstərdi ki, gənclər oyundan-oyuna daha yaxşı təsir bağışlayırlar. Qarşıdakı günlərdə komandaya yeni futbolçuların da qoşulacağı gözlənilir. Bu yöndə rəhbərlik və məşqçilər korpusu çalışırlar”.
29-cu ölkə çempionatının və Avropa Liqasının startına saylı günlər qalıb. Komandaya yeni qoşulanların kollektivə uyğunlaşmasına isə müəyyən vaxt tələb olunur.
“Sumqayıt”ın da gözləməyə vaxtı yoxdur. Kapitanın bu məqamla bağlı fikiləri belədir: “Məşqçilər korpusu artıq uzun müddətdir yeni oyunçular axtarışındadı.
Yəqin ki, transfer zamanı bütün nüanslar nəzərə alınacaq və yeni gələnlər komandaya uyğunlaşmaq baxımından problemlə üzləşməyəcək. Hamı bu gün “Sumqayıt”ın Avropa Liqasında çətinliklə üzləşəcəyini söyləyir. Bəziləri isə daha uzağa gedib, fiaskoya uğrayacağımızı yazır.
Futbol proqnozu sevmir, komandanın oyununu izləməyənlərin nəyə əsasən belə düşündüyü mənə maraqlıdır. “Sumqayıt”ın qitəmiqyaslı turnirdə bir neçə mərhələ adlayacağını iddia edə bilmərəm.
Hamı bilir ki, komandamız bu turnirdə debütantdır. Avrokuboklarda təcrübə çox şey deməkdir. Ancaq bir şeyi bilirəm ki, heç kimə asan təslim olmayacağıq. Onsuz da, iki ildir ardıcıl tarix yazırıq.
2019-da ölkə kubokunun finalına yüksəlməklə azarkeşlərimizi sevindirib, klub tarixində ilkə imza atdıq. Bu il isə daha bir yeni səhifə açdıq. Pandemiya üzündən altı aya yaxındı rəsmi görüşə çıxmamışıq.
Futbolçuların əksəriyyəti oyun təcrübəsi baxımından əziyyət çəkir. Ancaq geridə qalan üç yoxlama qarşılaşması və təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyimiz sınaq matçları bu yöndə köməyimizə çatacaq.
İnanıram ki, azarkeşlərimiz sərgilədiymiz oyuna görə utanmayacaqlar. Çalışacağıq ki, onları sevindirək və fanatlarımız da “Sumqayıt”la qürur duysunlar. Bunun üçün əlimizdən gələni edirik”.

