"Onları itirmək bizə baha başa gələ bilər"

16 Avqust 2020 19:20 Sumqayıt 1 742
"Onları itirmək bizə baha başa gələ bilər"

“Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Tetovo şəhərini təmsil edən komanda 1979-cu ildə təsis olunub.

41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır. “Şkendiya” ev oyunlarını 15000 tamaşaçı tutumuna malik olan digər adı “Ekoloq Arena” olan Tetovo şəhər stadionunda keçirir.

UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Qyoka çalışdırır. 3 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan tetovolular ötən mövsümü 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstərib.

Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub. Komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.

“Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu – Eqzon Beytulai və Lyupko Doriev çıxış edir. Tetovo təmsilçisi 2016/17 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı (0:0; 1:0).

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib ki, I təsnifat mərhələsindəki rəqib təcrübəli kollektivdir. "Avropa Liqasında 4 potensial rəqibimiz bəlli olduqda hər biri haqqında məlumat əldə etməyə çalışdıq.

"Şkendiya" düşəndən sonra isə dərhal məşqçilər korpusu komandanı analiz etməyə başladı. Rəqibimiz ardıcıl iki mövsüm çempion olub, Avropa Liqasında pley-off oynayıb. Mövsümlərarası dövrdə isə heyətində bəzi dəyişikliklər olub, onları araşdırırıq.

Şimali Makedoniya yığmasının 2-3, U-21 millisinin isə bəzi üzvləri bu klubda oynayır. Çox maraqlı, fiziki gücə üstünlük verən komandadır. Daxili çempionatdakı oyunlarını izlədikdə, görürük ki, öz fəlsəfəsini yeridən klubdur.

Bu gün futbol o səviyyədədir ki, hər rəqib meydanda mübarizə aparsa, futbolçular tapşırıqları yerinə yetirsə, düzgün analizdən sonra oyunumuzu qura bilsək,

hər bir rəqibə qarşı oynamaq və qalib gəlmək olar. Hələ vaxtımız var. İlk olaraq, Azərbaycan çempionatındakı matçımıza baxacağıq. İnanıram ki, ondan sonra tam formaya düşə biləcəyik.

Həm də futbolçuların zədələnməməsini istəyirik, çünki heyətimiz elə də geniş deyil. Hansısa futbolçunu itirmək bizə baha başa gələ bilər. Doğma meydanda oynamaq və əzmkarlıq komandamıza kömək edə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti