"Bizi ən çox narahat edən odur ki..." - Abbasov yeni transferdən danışdı

15 Avqust 2020 18:34 Sumqayıt 1 038
"Bizi ən çox narahat edən odur ki..." - Abbasov yeni transferdən danışdı

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.

- "Sumqayıt" "Zirə" ilə yoxlama oyununda böyük hesablı (4-0) qələbə qazandı. Belə hesab olacağını gözləyirdiniz?

- Yoldaşlıq görüşündə nəticə önəmli deyil. Rəqib də yəqin ki, oyuna həftəlik hazırlıq kimi yanaşırdı. Hər kəs çempionata hazır olmaq istəyir. Sevindirici hal oldu ki, qalib gəldik. Çünki Qəbələdə baş tutan yoldaşlıq görüşlərində məğlub olmuşduq. Amma əvvəlki oyunlarda da futbolçuların formaya düşməsini görürdük. Belə qalib gəlmək, hələ o demək deyil ki, biz tam hazırıq. Həqiqətən, qarşıda bizi çətin oyunlar gözləyir.

- Hələ tam hazır olmadığınızı dediniz. Bunun üçün nələr çatışmır?

- Yeni futbolçularımız gəlib. Onların fiziki durumu, komandaya uyğunlaşması vaxt tələb edir. Həm də unutmayaq ki, biz 4 ay fasilədən sonra yığışmışıq. İlk turlarda bu çətinliklər bütün komandalarda büruzə verəcək. Bizi ən çox narahat edən odur ki, futbolçular zədə almasınlar. İnşallah oyundan-oyuna yaxşı olacaq.

- Komanda yoldaşlıq görüşlərində ilk qələbəsini inamlı hesabla qazandı. Bu nəticə gələcəyə böyük ümid yaradır?

- Futbolçuların əzimkarlığı vardı. Çalışırdılar taktiki cəhətdən bütün tapşırıqları yerinə yetirsinlər. Rəqibin də epizodları oldu. Yəni biz də onlara epizod vermişik. Hesab başqa cür də ola bilərdi. Bu gün bir oyuna görə, hansısa komandaya qiymət verməyimiz düz olmazdı.

- Yeni transfer Əli Qurbani ilk görüşdəcə fərqləndi. Belə başlanğıcı gözləyirdiniz?

- Əlbəttə, Əli Qurbaninin ilk oyunda özünü göstərməsi sevindirici haldı. Məni daha çox sevindirən odur ki, futbolçu özü oynamaq istədi. Yorğun olmasına görə, oynamağına bir qədər tərəddüt edirdim. Amma futbolçu ilk gündən hazır olduğunu bildirdi. İran çempionatı hələ davam edir. Səhv etmirəmsə, orada sona 2 tur qalır. Bu da futbolçuların yaxşı formada bura gəlməsinə səbəb olur . Ali Qurbanidən çox şey gözləyirik. Ümid edirəm ki, komandamıza çox fayda verəcək.

- Elvin Məmmədov uzaq məsafədən gözəl qol vurdu. Düşünmək olar ki, Elvin məhz belə məqamlar üçün komandaya tranfer edilib?

- Elvinin təcrübəsinə bələdik. Onunla ilk dəfə deyil çalışırıq. Həm "Zirə"də, həm də "Sumqayıt"da birgə çalışmışıq. Onu yaxşı oyunlarına və təcrübəsinə görə komandamıza dəvət etmişik. İnanıram ki, təcrübəsi ilə komandamıza xeyir verəcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti