“Asan təslim olacağımızı heç kim düşünməsin”

10 Avqust 2020 13:54 Sumqayıt 1 412
“Asan təslim olacağımızı heç kim düşünməsin”

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın yeni transferlərindən biri də Elvin Məmmədovdur.

Əslində ona yeni demək də düz deyil - cəmi 1 il əvvəl, ötən yay “kimyaçılar”dan ayrılaraq, “Zirə”yə üz tutmuşdu.

Ancaq qəsəbə təmsilçisində işləri düz getməyən Elvin mövsüm başa çatan kimi Sumqayıta üz tutdu. Hazırda komanda ilə birgə Qəbələdə olan 32 yaşlı yarımmüdafiəçi bizimlə söhbətdə əvvəlcə şərəfini qoruduğu 2018/19 mövsümündəki “Sumqayıt”la indiki kollektivi müqayisə etdi:

“Mən komandada olanda da yaxşı kollektiv formalaşmışdı. Ancaq son mövsümdə qeydə alınan nəticələri nəzərə alsaq, “Sumqayıt” daha yaxşı təsir bağışlayıb. Əslində kollektivdə elə də böyük dəyişiklik olmamışdı. Sadəcə, ildən-ilə təcrübə artır ki, bu da “Sumqayıt”ın çıxışına yaxşı mənada təsirini göstərib. Ötən mövsüm komanda Ayxan Abbasovun rəhbərliyi altında uzun müddət 4-cü yerdən aşağı düşmədi. Gənclərlə təcrübəlilərdən formalaşmış komanda sərgilədiyi oyunla nəinki sumqayıtlıların, başqa komandaların azarkeşlərinin də rəğbətini qazanmağı bacardı. Görülən işin əvəzi kimi “Sumqayıt” hər mövsüm nəticəsini yaxşılaşdırır, böyük klub olmaq yönündə irəli addım atır. “Sumqayıt”ın əsas özəlliyi odu ki, hər il yeni-yeni adlar üzə çıxarır. Gənclərə bel bağlayan komandada inkişaf açıq-aydın sezilir. Düzdü, mövsümlərarası fasilədə komandanı bəzi aparıcı futbolçular tərk edib. Ancaq bu o demək deyil ki, Avropa Liqasında debüt edəcək kollektiv ilk mərhələdəcə mübarizəni dayandıracaq. Asan təslim olacağımızı heç kim düşünməsin. Gedənlərin yerini doldura biləcək gənc oyunçularımız var. Rəhbərlik və məçqçilər korpusu da heyəti gücləndirmək yönündə çalışır. Bu gün biz futbolçuların əsas işi baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməkdi. Ayxan müəllimin dediyi və istədiyi futbolu sərgiləyə bilsək, hər şey yaxşı olacaq”.

Əksər mütəxəssislərin və idman yazarlarının fikrincə, bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək “Sumqayıt” fiaskoya uğrayacaq. Aparıcı üzvlərini itirən komandanın gənclərin ümidinə qalması belə düşünməyə əsas verir.

Ancaq təcrübəli yarımmüdafiəçi bu proqnozla razılaşmır: “Bəzən elə olur ki, kağız üzərində favorit olan klublar sonda uğursuzluğa düçar olur. Bəzən də elə olur ki, hamının zəif gördüyü komanda ictimaiyyəti təəccübləndirərək uğura imza atır.

Ümid edirəm ki, “Sumqayıt” məhz ikincilərdən olacaq. Çünki hazırda heyətdə çoxlu gəncin olmasına baxmayaraq, yetərincə döyüşkən və istəkli kollektiv formalaşıb.

Təcrübəli oyunçular da həmin gənclərlə birgə yeni uğurlara, “Sumqayıt” adına yeni tarixə imza atmağa hazırdı. Təkrar da olsa, yenə deyirəm: əsas odu ki, baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirək.

“Sumqayıt” heç vaxt asan təslim olmayıb. İnanıram ki, bu dəfə də belə olacaq. İstəklə əzmkarlığı birləşdirsək, ortaya gözəl “məhsul” çıxara bilərik”.

Qəbələdəki hazırlıq dönəmində sumqayıtlılar iki yoxlama görüşündə qüvvəsini sınayıb. “Neftçi”yə 0:3 uduzan komanda “Sabah”la matçda da meydanı məyus tərk etdi.

“Kimyaçılar”ın köhnə-yeni futbolçusu həmin matçlarda qeydə alınan nəticəyə görə bədbinliyə qapılmamağı məsləhət görür: “Toplanış dönəmində qeydə alınan nəticələrə görə komanda haqda mənfi fikirlər səsləndirmək düz deyil.

Bu oyunlar yoxlama xarakterlidi və belə oyunlarda məşqçilər korpusu müxtəlif taktiki gedişləri sınaqdan keçirir, futbolçuları yoxlayır. Onu da nəzərə almaq lazımdı ki, bu matçlar ağır məşqlər fonunda baş tutur.

Bəli, mən də sizinlə razılaşıram ki, statusundan asılı olmayaraq, istənilən oyunda qazanılan qələbə kollektivə əlavə motivasiya verir. Ancaq hər oyunun öz xarakteri var. “Neftçi” ilə görüşdən fərqli, “Sabah”la qarşılaşmada komanda daha yaxşı təsir bağışladı.

Bu da onu göstərir ki, “Sumqayıt” oyundan-oyuna inkişaf edir. Məqsədimiz və hədəfimiz bəllidi: Avroliqada və premyer-liqada uğurlu çıxış edib azarkeşlərimizi sevindirmək” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu