Bilərəkdən “Sumqayıt”ın avrokuboklarda fiaskoya uğramasını istəyirlər

20 İyul 2020 12:58 Sumqayıt 984
Bilərəkdən “Sumqayıt”ın avrokuboklarda fiaskoya uğramasını istəyirlər

Aleksey İsayev, Əmir Ağayev, Şəhriyar Əliyev, Mehdi Şərifinin ardından Sərtan Taşkın və Peyman Babayi də “Sumqayıt”ı tərk etdi. Həmin komandanı ki, bu yay ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, bu gedişlə Azərbaycanın futbol ictimaiyyəti “kimyaçılar”ı və bu komandanın qitəmiqyaslı turnirə yollanmasına səbəb olan koronavirusu uzun müddət yaddan çıxarmayacaq.

Adətən, beynəlxalq arenada debüt edən klub vəsiqəni təsadüf nəticəsində qazanmadığını sübut etmək üçün əldən-ayaqdan gedir, “transfer bazarı”nın ən fəal “oyunçularından” olur.

Rəhbərlik kollektivdə rəqabəti artırmaq, axsayan mövqeləri gücləndirmək naminə düşərgəyə yeni futbolçular dəvət etməklə yanaşı, geridə qalan “futbol ili”ndə adından söz etdirən, komandanın aparıcı üzvünə çevrilən oyunçuya daha yaxşı şərtlər altında yeni müqavilə təklif edir.

Təəssüf ki, “Sumqayıt”da proseslərin tərsinə getdiyinə şahidlik edirik. Komandada “yarpaq tökümü” davam edir. Özü də bu, fəsil dəyişməsinə görə yaşanan təbii hadisədən çox dibinə bilərəkdən xlor tökülmüş ağacın qurumasına bənzəyir.

Sanki kimlərsə bilərəkdən “Sumqayıt”ın avrokuboklarda fiaskoya uğramasını, ölkəmiz adına biabırçılığın yaşanmasını arzulayır. Qarşısına ciddi məqsədlər qoyan hansı normal klub məsul sınaq ərəfəsində bombardiri ilə vidalaşar?

Peyman Babayi bu yaxınlarda qəzetimizə verdiyi müsahibədə icarə müqaviləsinin müddətinin başa çatmasına baxmayaraq, daha bir mövsüm “Sumqayıt”da qalmaq istədiyini bildirmişdi.

Elə klub rəhbərliyi də “Maşınsazi” rəhbərliyi ilə danışıq aparıb futbolçunu saxlayacağını deyirdi. Ancaq real durum fərqli oldu, Babayi yenidən İrana qayıtmaq məcburiyyətində qaldı.

Başa çatan mövsümdə premyer-liqanın 4 bombardirindən biri olan, 2019/20 “futbol ili”ndə vurduğu 8 qolla komandanın ən sərrast futbolçusu adına sahib çıxan futbolçu qol.az saytına açıqlamasında da özündən asılı olmayan səbəbdən klubu tərk etdiyini bildirib: “

Özüm də çox istəyirdim ki, “Sumqayıt”da oynayım. Yaxşı baş məşqçimiz var idi. Ayxan Abbasov mənə çox kömək edib. “Sumqayıt”dan heç bir pislik görməmişəm. Biz bir ailə kimi olmuşuq. Əslində mənlik bir şey yoxdu. Avropa Liqasında “Sumqayıt”a kömək etmək istəyirəm.

Mən “Maşınsazi”ni razı saldım ki, “Sumqayıt”da qalım. Sadəcə, müqaviləmin müddətinin uzadılması üçün “Maşınsazi”nin istədiyi məbləği “Sumqayıt” ödəyə bilmədi. Klublar arasında çoxlu danışıqlar olsa da, maddi tələblər ödənilmədiyindən orda qalmağım alınmadı. Ona görə də hazırda Təbrizdəyəm. Ancaq qayıtmaq da istəyirəm".

Babayi kimi, Sərtan Taşkın da maddiyat səbəbindən mövsümlərarası fasilədə “Sumqayıt”ı “Zirə”yə dəyişmək məcburiyyətində qaldı. Əldə etdiyimiz məlumata görə, rəhbərlik 23 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib, ancaq bu dəfə maaş ötənilkindən 1000 manat aşağı olub.

Bu isə müdafiəçini qane etmədiyindən klub prezidentinə “yox” deyib və qəsəbə təmsilçisinin təklifini dəyərləndirib. Qeyd edək ki, Taşkın da Peyman kimi əsas heyət üzvlərindən olub və yarımçıq başa çatan mövsümdə baş tutan 20 turun 18-də meydana çıxıb və 1 qol vurub.

Bəs “kimyaçılar”ın taleyi necə olacaq? Bu sual indi təkcə sumqayıtlı azarkeşləri yox, ümumiyyətlə, ölkə futbolsevərlərini çox maraqlandırır. Hələ ki bu yöndə dəqiq bilgi yoxdu.

Klubun əsas sponsoru olan “Azərikimya” yeni mövsüm üçün büdcəni təsdiqləməlidi. Ancaq bilinən odu ki, büdcə heç də Avropa Liqasında çıxış edən komandaya layiq olmayacaq. “Sumqayıt”a, sadəcə, ayaqüstə durmaq, premyer-liqada say düzəltmək üçün maliyyə ayrılacaq (Futbol+).

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!