"Bundan sonra 2-3 mövsüm oynaya bilərəm" - Kapitan iddialı danışdı

19 İyul 2020 13:00 Sumqayıt 850
"Bundan sonra 2-3 mövsüm oynaya bilərəm" - Kapitan iddialı danışdı

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportinfo.az-a müsahibə verib

- Bir qədər gec də olsa "Sumqayıt" hazırlıqlara start verdi. Toplanış necə keçir?

- Bildiyiniz kimi ayın 16-dan məşqlərə start vermişik. Gündə 2 dəfə olmaqla baş məşqçinin proqramına uyğun məşq edirik. Çalışırıq ki, həm Avropa Liqasına, həm də ölkə çempionatına qədər maksimum hazır olaq.

- Son günlərə kimi "Sumqayıt"ın gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik vardı. Başverənlərin komandanın hazırlığına mənfi təsiri ola bilərmi?

- Danışılanlar heç də həqiqətə uyğun deyil. 16-nan məşqlərə başlamışıq və hər şey yaxşıdır. Əsas məqsədimiz yaxşı kollektiv yığıb və əzimkar komanda yaratmaqdı.

- Avrokuboklar və ölkə çempionatının startına az bir vaxt qalır. Komandanı bir neçə əsas futbolçu tərk edib. Səncə, bu vəziyyətdə dediyin komandanı formalaşdırmaq mümkün olacaq?

- Avropa Liqasına düşməyimizdə gedənlərin hər birinin əməyi danılmazdı. Amma həm rəhbərlik, həm də baş məşqçimiz axtarışdadılar. İnşallah gedənlərin yerini dolduracaq futbolçular gələcək.

- "Sumqayıt"la müqaviləni daha bir il uzatdın. Növbəti mövsüm komandada qalacağın artıq dəqiqdir. Bu karyeranın son mövsümü ola bilərmi?

- İndidən nəsə demək çətindir. Əsas bu mövsüm komandama fayda verim, zədəsiz mövsümü başa vura bilim. Sonrakı illər barəsində düşünməyə vaxtım olacaq. Karyeramı bitirmək barəsində isə hələ düşünmürəm. Məncə, bundan sonra 2-3 mövsüm oynaya bilərəm.

- Son günlər cəbhənin Tovuz istiqamətində baş verənlər ölkə gündəminin əsas müzakirə mövzusudur. Bu durumda toplanışda olmaq çətinlik yaratmır?

- Təbii ki, fikrim orda qalıb. Demək olar ki, azı bir saatdan bir yaxın adamlarla əlaqə saxlayıram. Hələlik sakitçilikdir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti