Hamının qoyub qaçdığı "Sumqayıt" fəaliyyətini dayandırırmı?

13 İyul 2020 09:28 Sumqayıt 2 122
Hamının qoyub qaçdığı "Sumqayıt" fəaliyyətini dayandırırmı?

«Sumqayıt»da «yarpaq tökümü» kütləvi hal alıb.

Əslində, klubdan gözlənilən bu deyildi.

Hər halda «kimyaçılar» tarixində bir ilkə imza ataraq, avrokuboklara vəsiqə qazanıb. Bunun üstündən prezident Riad Rəfiyev milyonlarla tamaşaçının önünə çıxaraq, «daha güclü «Sumqayıt» görəcəksiz» mesajı vermişdi.

Bu anonsun üstündən 10 gündən artıq vaxt keçib, proseslərin əks istiqamət üzrə getməsini görürük. Əlbəttə, Rəfiyev istəyir və məsuliyyətini hiss edir.

Düşünmürük ki, o, AFFA İcraiyyə Komitəsinin verdiyi qərardan eyforiyaya qapılaraq, o gözəl səslənən vədi dilinə gətirib. Yəqin ki, onu buna inandıran, ürəkləndirən olub, yoxsa Riad bəy ehtiyatlı insandır, soyuq çayını üfürə-üfürə içəndir.

Belə başa düşmək olar ki, Rəfiyevi arxayın salan şəxslər indi yaxalarını kənara çəkdiyindən, ortalıqda tək qalıb. Bunun mənfi təsirini isə düşərgədəkilər hər gün daha açıq-aydın görür. Artıq aparıcı futbolçuların bir neçəsi buradan ayrılıb.

Aleksey İsayev, Əmir Ağayev, Şəhriyar Əliyev, Mehdi Şərifi və Sertan Taşkının ardınca, Peyman Babayi də «Sumqayıt»la vidalaşıb. Daha 3-4 nəfər getməyə hazırlahır və «Sumqayıt» bu minvalla təlim-məşq toplanışına başlamağa oyunçu tapmayacaq.

Toplanışdan söz düşmüşkən, avrokubokların digər iştirakçıları xeyli müddətdir həm transfer bazarında fəallıq göstərir və məqsədlərinin çoxuna çatıblar, həm də çalışmalara start vermək üzrədir.

Demək olar, yenidən təşkilatlanma mərhələsini arxada qoyublar, yaxud heyətin əsas özəyini qoruyub saxlayıblar. «Sumqayıt» bütün bunlara həsrətdir və Ayxan Abbasovun baş məşqçi postunda saxlamaq artıq rəhbərlik üçün çox çətin olacaq.

«Azərikimya»nın büdcəni artırmaq əvəzinə azaltması, futbolçuların bu üzdən düşərgəni tərk etməsi Abbasovun gözlədiklərinin tam əksidir. Bəllidir ki, o, Rəfiyevə arxayın olaraq «Sumqayıt»a gəlib və ötən zaman kəsiyində bütün məhrumiyyətlərə, təzyiqlərə sinə gərib.

İndi isə elə bir məqam gəlib yetişib ki, dəmiri isti-isti döyməlidir, əks halda, 1-2 ay sonra tankın qarşısına əliyalın çıxmaq məcburiyyətində qalacaq. Gəncləşmiş və təcrübəsiz arsenala Avropa Liqasında mübarizə aparmaq qeyri-mümkündür, uğursuzluğa məhkumdurlar.

Eyni zamanda, növbəti ölkədaxili yarışmalarda da. Ardıcıl iki-üç məğlubiyyət istər-istəməz Abbasovun özünü də, rəhbərliyi də təbdən çıxaracaq.

Onda heç kimin yadına düşməyəcək ki, problemlərin kökü «Azərikimya»nın klubna barmaqarası münasibətindən, büdcəni azaltmasından qaynaqlanır.

Hamı deyəcək ki, baş məşqçi işini davam etdirirsə, çıxsın, nəticələrə görə cavab versin.

Yəqin ki, Abbasov o günü gözünün qabağıına gətirir və pis formada klubdan getmək istəmir. Elə Rəfiyev də onunla vidalaşmağın fəlakətə bərabər olmasını dərk edəcək potensialdadır.

Odur ki, bütün əlaqələrini işə salaraq, həm Abbasovu saxlamaq, həm də «Azərikimya»ya normal büdcə ayırması üçün təsir göstərməyə çalışır. Qeyri-müəyyənliyə bu gün, uzağı, sabah aydınlıq gəlməlidir. Biz yayın 3-cü baş məşqçi istefası xəbərini «Sumqayıt»dan alacağıq, ya da ki…

Əlimizdəki son məlumatlara əsaslanıb, klubun heç bir halda fəaliyyətini dayandırmayacağını yazırıq. Bu, baş verməyəcək. Və sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini deyə bilərik. «Sumqayıt» yaşayacaq. Sadəcə, sual budur: necə yaşayacaq? Ayaqüstə, yoxsa sürünə-sürünə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!