«Sumiqayıt»ın yeni mövsüm planlarının gerçəkləşmək ehtimalı get-gedə azalır.
Tarixində bir ilkə imza atan və avrokuboklarda iştirak edəcək klub, deyəsən, hədəflərindən çox uzaq düşəcək.
Hər halda «Azərikimya» ilə «kimyaçılar» arasında danışıqlar növbəti dəfə səmərə verməyib. Şirkət baş sponsoru olduğu «Sumqayıt»ın istəyini geri çevirib.
Belə ki, Rifad Rəfiyev illik büdcəni 2,5 milyon manatdan yuxarı qaldırmağa cəhd göstərsə də, təəssüf ki, təklifi dəstəklənməyib. Komandanın Avropa Liqasında iştirakına əhəmiyyət verməyən «Azərikimya» başbilənləri onları bir daha bu məsələ ilə bağlı narahat etməmələrini tapşırıb.
Bu gün klubdaxili toplantı keçiriləcək. Və yəqin ki, bir sıra önəmli qərarlar alınacaq. Yaxınlarda «İdman»TV-nin efirində «gələn mövsüm daha güclü «Sumqayıt» görəcəksiz» vədi verən Riad bəyi, heyhat, çətin günlər gözləyir.
Çünki nə baş məşqçi Ayxan Abbasov, nə də aparıcı futbolçular belə vəziyyətdə «Sumqayıt»da qalmaq fikrindədir. Komandanın «onurğa situnu»nu təşkil edən oyunçular əvvəlki şərtlərlə yeni müqavilə imzalamaqdan boyun qaçırıb.
SPORTİNFO.AZ

