Baş sponsor yenə "Sumqayıt"ın prezidentini incidir

2 İyul 2020 12:58 Sumqayıt 1 413
Baş sponsor yenə "Sumqayıt"ın prezidentini incidir

«Sumqayıt»ın yeni mövsüm planlarına qarşıdakı 3-4 gün ərzində aydınlıq gələcək.

Sportinfo.az-ın məlumatına görə, bu müddətdə klubun prezidenti Riad Rəfiyev «Azərikimya» rəhbərliyi ilə görüş keçirəcək.

Rəfiyevi bir məsələ daha çox narahat edir: büdcənin artırılmaması. Komanda tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq, bu isə heyətin gücləndirilməsi zərurətini yaradır.

Gəl ki, adıçəkilən şirkət baş sponsoru olduğu «Sumqayıt»a əlavə vəsait ayırmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır, hətta mövcud büdcəni saxlamağa söz vermir. Bu cür olsa, əlbəttə ki, «kimyaçılar» xeyli «qan» itirəcək.

Artıq düşərgədə bir ucdan boşalmağa başlayıb, gedənlərin siyahısı genişlənməkdədir. Futbolçularla yanaşı, Ayxan Abbasovun da getmək niyyəti var.

Baş məşqçi zəifləmiş komandayla qitə arenasına çıxıb özünü biabır eləmək istəmir. Onsuz da buna kimi inanılmazı bacarıb, «Sumqayıt»»a tarixi sevinci yaşadıb və indi açıqlamalarından anlaşılır ki, o, düşünür: niyə rüsvay olmalıyam?

Bu, düz yanaşmadır. Təbii ki, hörmətli Riad bəy də bunu anlayışla qarşılayır və Abbasovun getməsini önləməyə səy göstərir. Bilir ki, baş məşqçi ilə müqaviləni uzatmasa, aparıcı futbolçuların hamısı onun arxasınca «Sumqayıt»dan ayrılacaq.

Odur ki, «Azərikimya» ilə danışıqlar həlledicidir. Rəfiyevin bütün ümidini onlara bağladığını da söyləmək olmaz. Sponsor ğola biləcək müəyyən özəl şirkətlərlə təmas qurmasından da xəbərdarıq.

İndi əsas nəticədir: bu görüşmələr tezliklə bitməlidir ki, komanda faydasını görsün. Hər gün vaxtdan gedir, artıq gələn Avropa Liqasına start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti