"Hər şey tək məndən asılı deyil, həll olunması vacib məsələlər var"

30 İyun 2020 16:14 Sumqayıt 760
"Hər şey tək məndən asılı deyil, həll olunması vacib məsələlər var"

«Bu həftə rəhbərliklə görüşüb, açıq qalan bütün məsələlərə aydınlıq gətirəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

«Gənclik şəhəri» təmsilçisinə tarixində ilk dəfə avrokuboklar bileti qazandıran mütəxəssisin müqaviləsi başa çatıb. Onun burada qalıb-qalmayacağı hələ dəqiqləşməyib.

Problem ondadır ki, «Azərikimya» baş sponsoru olduğu kluba normal vəsait ayırmır. Hərçənd ki, Avropa Liqasına gedəcək komandanın həm büdcəsinin artacağı, həm də strategiyasını dəyişdirəcəyi gözlənilirdi.

Bunların heç biri reallaşmadığından, heyəti qoruyub saxlamaq da çətinləşib. Artıq bir neçə aparıcı futbolçu düşərgəni tərk edib, digərləri isə hazırkı şərtlərlə müqaviləni uzatmağa meyl göstərmir.

Abbasovun bildirdiyinə görə, prezident Riad Rəfiyev mövcud durumdan xəbərdardır və komandanın avrokuboklarda yaxşı çıxış etməsini istəyirik: «Biz klub olaraq böyük uğura imza atmışıq. İstəyirik ki, Avropa Liqasında da şəhərimizi layiqincə təmsil edək.

Mən bir baş məşqçi kimi əlimdən gələni etməyə hazıram. Amma hər şey tək məndən asılı deyil. Rəhbərlik səviyyəsində həll olunması vacib məsələlər var. Onları oturub danışacağıq.

Dəfələrlə bildirmişəm ki, başladığım işi yarımçıq buraxıb getmək istəmirəm. «Sumqayıt»da işləmək mənə xoşdur. Mehriban kollektivimiz var. «Sumqayıt»ı bu yerdə bir yerdə gətirib çıxarmışıq».

Digər Xəbərlər
Xəbər Lenti