"Bu fikirlər mənə maraqlı deyil, şərh etmək istəmirəm"

26 İyun 2020 10:38 Sumqayıt 968
"Bu fikirlər mənə maraqlı deyil, şərh etmək istəmirəm"

“Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanması tarixi hadisədir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın qapıçısı Mehdi Cənnətova məxsusdur.

2020 çoxlarının yaddaşında uğursuz il kimi yadda qalsa da, sumqayıtlılar Siçan ilini heç vaxt unutmayacaq. Çünki ötən il 70 illiyini qeyd edən şəhərin komandası “pandemiya ili”ndə tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

AFFA İcraiyyə Komitəsi Premyer Liqa və ölkə kubokunda sezonu vaxtından əvvəl başa vurmaqla, “kimyaçılar“a “yaşıl işıq“ yandırıb. Dağıstanlı kiper bu şərəfə layiq olduqlarını bildirib:

“Hamımız buna görə çox xoşbəxtik. Xüsusilə azarkeşlərimizi qeyd edərdim. Onlar buna layiqdilər. Belə şərtlər altında mövsümü davam etdirmək qeyri-mümkün idi.

Artıq Avropa Liqasına hazırlaşmaq lazımdır. Çalışacağıq fanatlarımızı sevindirək. Ümid edirəm ki, püşk üzümüzə güləcək və ilk oyunumuzu “doğma divarlar” arasında keçirəcəyik.

İnanıram ki, ona qədər azarkeşlərin stadiona gəlmək yasağı da aradan qalxacaq. Bu qadağa aradan qaldırılsa və rəqibi “Kapital Bank Arena”da qəbul etsək, tribunalarda yaddaqalan atmosferə şahidlik edəcəyik.

Kimlərin nə dediyi, “çempionat davam etsəydi, “Sumqayıt” avrokuboklara yollana bilməyəcəkdi” kimi fikirləri mənə maraqlı deyil və bunu şərh etmək istəmirəm. Bu gün biz Azərbaycanı avrokuboklarda təmsil edəcəyiksə, deməli, buna layiqik.

Karyeram ərzində ikinci dəfə Avroliqa həyəcanı yaşayacam. İlk dəfə “Anji”nin heyətində belə oyuna çıxmışam. Düzdür, onda ehtiyat qapıçı kimi oyunları kənardan izləmək məcburiyyətindəydim.

Buna baxmayaraq, mənim üçün bunun özü də bir xoşbəxtlik idi. Qitəmiqyaslı turnirdə iştirak etmək, Avropa futbolunun bir hissəsi olmaq gözəl hissdir”.

Digər Xəbərlər
Xəbər Lenti