"Bunlar uğursuzluqlarını müxtəlif bəhanələrlə ört-basdır etmək istəyirlər"

24 İyun 2020 12:02 Sumqayıt 795
"Bunlar uğursuzluqlarını müxtəlif bəhanələrlə ört-basdır etmək istəyirlər"

“Çəkdiyimiz zəhmətin qarşılığını gördük“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın yarımmüdafiəçisi Vüqar Mustafayevə məxsusdur.

O, Premyer Liqada 4-cü yeri tutan komandalarının Avropa Liqasında iştirakı haqq etdiyini bildirib: “Addım-addım irəlilədik, çox çalışdıq və nəhayət, istəyimizə çatdıq.

Mövsümün əvvəlində komandanın qarşısına konkret avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı. Ancaq mövsümboyu sərgilədiyimiz oyunla buna layiq olduğumuzu ortaya qoyduq.

Niyə bizim Avropa Liqasına vəsiqə qazanmağımızı ironiya ilə qarşılayırlar, mənə çatmır. Bəlkə kiminsə yerini tutmuşuq?

Son illərdə olub ki, hansısa komanda qitəmiqyaslı turnirə vəsiqə qazanıb, ancaq fəaliyyət müddəti 3 il olmadığından onun əvəzinə Avropaya başqası yollanıb.

Biz ki belə getmirik. 20 turun, demək olar ki, 17-də 4-cü pillədə olmuşuq. İndi deyirlər ki, belə olmasaydı, elə olardı...

Bunlar hamısı uğursuzluqlarını müxtəlif bəhanələrlə ört-basdır etmək istəyənlərin cəfəng fikirləridir. “Sumqayıt” bu vəsiqəni haqq edib və bunu çəkinmədən elan edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti