"Sumqayıt"ın "ağsaqqal"ları və ya mövsümün hadisəsi

19 İyun 2020 11:34 Sumqayıt 579
"Sumqayıt"ın "ağsaqqal"ları və ya mövsümün hadisəsi

"Sumqayıt"ın ilk dəfə avrokuboklara vəsiqə qazanması münasibətilə bütün sumqayıtlıları təbrik edirəm!

Sumqayıt futbol ənənəsi olan şəhərdir, sakinləri futbolu sevirlər. Bu şəhər yaxşı komanda və uğurlara layiqdir.

İki "Sumqayıt"lıya xüsusi təbrik düşür. Prezident Riad Rəfiyev və baş məşqçi Ayxan Abbasova. Futbolda düzgün baş məşqçi seçimi və seleksiya artıq uğur deməkdir, nəticə gələcək.

Zaman göstərdi ki, Rəfiyev "Zirə"ni avrokuboklara daşımış, orada mərhələ adlamış Abbasova etimad göstərməklə düzgün addım atıb. Ötən il kubokun finalına çıxan "Sumqayıt" Avropaya iddialı olduğunu göstərmişdi.

Ümumiyyətlə, "Sumqayıt"da nəticə vermək çətin məsələdir. Birincisi, büdcədə əksər klublara uduzur. İkincisi, sponsorların strategiyası - legioner qadağandır - futbolçu seçimində problem yaradır.

Bunlara rəğmən, düzgün balanslaşdırılmış heyət qurula bildi. Aleksey İsayev, Camalədidn Xocaniyazov, Əmir Ağayev, Rəhim Sadıxov daha yaxşı şərtlərlə digər klublardan təkliflər alıb.

Geniş publikanın tanımadığı 20 yaşlı Elvin Cəfərquliyev mövsümün tapıntılarından biri oldu. 19 yaşlı sumqayıtlı Səbuhi Abdullazadə kifayət qədər praktika qazandı.

Rail Məlikovla İlqar Qurbanov az oynasalar da, peşəkarlıqlarıyla gənclərə nümunə oldular, "ağsaqqal" kimi işlərinin öhdəsindən gəldilər. Bir şeyi də nəzər alaq ki, komanda ilboyu maddi sıxıntı yaşadı. Gah maaşlar gecikirdi, gah da mükafatlar.

Maddi sıxıntı fonunda rəhbərlik və məşqçilər korpusunun futbolçuları ruhdan düşməyə qoymaması, oyunlara kökləməsi qəliz məsələdir. Ona görə də "Sumqayıt"ın UEFA Avropa Liqasına vəsiqə qazanması şəxsən mənim üçün mövsümün hadisəsidir.

Az qala Rəşad Məmmədovu unutmuşdum. Ən çox sevinənlərdən biri də odur. Bu anı illərlə gözləyən biri kimi.

Ceyhun Rzayev

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda