"Sumqayıt"ın nəticəsi təsadüf deyil" - Ayxan Abbasov

18 İyun 2020 17:10 Sumqayıt 629
"Sumqayıt"ın nəticəsi təsadüf deyil" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.

- AFFA İcraiyyə Komitəsi son iclasında Azərbaycan Premyer Liqası və Ölkə Kubokunun dayandırılmasına qərar verdi. Qərara münasibətiniz necədir?

- Bu qərar son 3 ayda olan müzakirələrin nəticəsidir. Çempionatın bərpasını bütün klublar istəyirdi. Buna ümidimiz böyük idi. May ayında klublara məşq etmək üçün 3 həftə vaxt verilmişdi. Vaxt az olsa da biz çempionata kimi hazır olmağa çalışacaqdıq. Sonradan həftəsonları ilə bağlı qərar quvvəyə mindi. Məncə, bu, çempionatın dayandırılmasına ən böyük səbəb oldu. Son günlər pandemiyanın çox yayılması da təhlükə yaradırdı. İK bütün bunları müzakirə edibə və düzgün qərar verib. Klublarımız da növbəti çempionata rahat hazırlaşa bilər.

- Verilən qərardan sonra "Sumqayıt"ın tarixində ilk dəfə avrokuboklara getməsi rəsmiləşdi. Əksəriyyət düşünür ki, mübarizə meydanda başa çatsa, daha yaxşı olardı...

- Çempionatın 3 dövrəsi artıq oynanılıb. Bu çempionatın 75%-i deməkdir. Biz klub olaraq bu qədər mübarizə nəticəsində hazırkı yerdəyik. Əsas rəqiblərimizlə də başa-baş mübarizə aparmışıq. Əlbəttə, hansısa klublar buna etiraz edə bilər. Ancaq onu da qəbul edək ki, pandemiya bütün dünyada problemdir. Bizdən öncə çempionatı ləğv edən ölkələr var. Orda çempionluq uğurunda 1-2 xal söhbəti vardı. Amma digər rəqiblər qərarı normal qarşıladılar. Bu gün "Sumqayıt"ın 4-cü yerdə bitirməsi son bir həftədə olmayıb. Biz uzun müddətdir bu yerdəyik. Əlbəttə, istərdim mübarizə olsun. Belə söz-söhbətlər getməsin. Amma hazırda sağlamlığı hamımız daha çox düşünürük. Bunu bütün ölkəmiz fikirləşir. Sağlamlıq mənim üçün hər şeydən öndədir.

- Üç dövrənin nəticəsinə görə, hazırkı yerdə olduğunuzu dediniz. Baxmayaraq ki, sizdən sonra gələn klublar arasında büdcəsi də, heyəti də sizdən yaxşı olanlar vardı. Hazırkı üstünlüyü əldə etməyi necə bacardınız?

- Biz keçən il də avrokuboklar şansımızı son anda itirdik. Bildiyiniz kimi ölkə kubokunun finalında məğlub olduq. Onda da büdcəmiz, heyətimiz bəzi klublardan geri qalırdı. Amma bu nəticəni qazanmağı bacarmışdıq. İstəyirdik həmin uğuru təkrarlayaq. Ölkə kubokunda yarımfinaldayıq. "Neftçi" kimi komandanı mübarizədən kənarlaşdırmağı bacardıq. Sözüm ondadır ki, "Sumqayıt"ın nəticəsi təsadüf deyil. "Sumqayıt"ın son uğurları da bunu göstərir. Büdcəmiz aşağı olsa da kollektivdəki mehribançılıq, bir ailə ortamı olması uğurlarımızda əsas pay sahibidir. İlk növbədə futbolçularıma təşəkkür edirəm. Rəhbərliyi və azarkeşləri təbrik edirəm. Hər zaman bir-birimizə inandıq və dəstək verdik.

- "Sumqayıt" tarixində ilk dəfə ölkə kubokunun finalına sizin başçılığınız altında çıxmışdı. İndi də avrokuboklardakı ilk çıxış gerçəkləşdi. Sizi "Sumqayıt" tarixinin ən uğurlu baş məşqçisi saya bilərik?

- Bu haqda nəsə desəm düzgün olmaz. "Sumqayıt"da məndən əvvəl işləyən baş məşqçilər də var. Onların əməyini unutmayaq. Bir çox gənc futbolçulara şans verməklə onların da hansısa formada zəhmətləri olub. Tək mən Ayxan Abbasov yox, "Sumqayıt"ı sevənlər əl-ələ verib bu günlərə gəlməyinə səbəb oldu.

- Avrokuboklara hazırlıqla bağlı hansısa planlarınız var?

- Qərar bu gün verilib. Biz də rəhbərliklə oturub, müzakirələr edəcəyik. Çalışacağıq ki, hansısa addımlar ataq.

- "Sumqayıt"ın avrokuboklarda ilk dəfə çıxış edəcəyini nəzərə alsaq, əsas hədəfiniz nə olacaq?

- Məncə, bir mərhələ keçmək uğurlu olar. İlk öncə klubumuz avropanı görmək istəyir. Çünki komandanın böyüməsi üçün bu çox vacibdir. İkinci məqam gənc futbolçularımızla bağlıdır. Avrokuboklarda iştirak onların daha da açılışmasına səbəb olacaq. Rəqibin kim olmağından asılı olmayaraq sona kimi mübarizə aparacağıq. Təslim olmaq fikrimiz yoxdur.

- Pandemiya ilə bağlı bu mövsüm avrokuboklarda təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Bu qərarı müsbətə, yoxsa mənfi məqam kimi qiymətləndirirsiniz?

- Mənim arzum odur ki, "Sumqayıt" azarkeşləri avrokubok oyununu canlı görsünlər. Bunu çox istərdim. Bir oyun olmağı bir az yaxşı olmadı. Bilmirik oyun harda olacaq. Çox istərdik ki, oyunlara kimi pandemiya bitsin və azarkeşlərə oyunlara gəlmək icazəsi versinlər. Arzulayıram ilk oyun Sumqayıtda keçirilsin və yerli azarkeşlər avrokubok həyəcanın yaşasınlar.

Digər Xəbərlər
Xəbər Lenti