"Sözün düzü, buranı heç tərk etmək istəmirəm"

15 İyun 2020 11:48 Sumqayıt 666
"Sözün düzü, buranı heç tərk etmək istəmirəm"

“Əslində bu məsələ klub prezidentindən və baş məşqçidən asılıdı.

Lazım bilsələr, müqavilə ilə məxsus olduğum İran təmsilçisiylə yenidən danışıqlar masasına otura bilərlər“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın hücumçusu Peyman Babayiyə məxsusdur.

Bu mövsüm Premyer Liqada 7 qol vuran iranlı legionerin “kimyaçılar“la icarə müqaviləsi başa çatmaq üzrədir. Ötən sezondan Azərbaycanda çıxış edən 24 yaşlı forvard ölkəsinə qayıtmağa bir o qədər də həvəsli görünmür:

“Hər halda “Maşınsazi” rəhbərliyi bu məsələ ilə bağlı müzakirə aparmağa razı olar. Məndə olan məlumata görə, Təbriz klubu xidmətimdə maraqlıdır.

Ancaq mən karyeramı Azərbaycan Premyer Liqasında davam etdirməyə üstünlük verirəm. Artıq iki ildir burdayam. Özümü çox rahat və xoşbəxt hiss edirəm.

Bəlkə də gəldiyim ilk ildə nədəsə çətinlik çəkmişdim. Ancaq bu mövsüm heç bir problemim yoxdur və özümü evdəki kimi hiss edirəm. “Sumqayıt” da mənim üçün doğma olub.

Şəhərə, komanda yoldaşlarıma, azarkeşlərimizə çox öyrəşmişəm. Sözün düzü, buranı heç tərk etmək istəmirəm. Ancaq təəssüf ki, bu məsələdə heç də hər şey mənim istəyimdən asılı deyil. Müqavilə şərtlərinə əməl etmək məcburiyyətindəyəm”.

Xəbər Lenti