"Qarabağ"a keçəndə təkliflərim çox idi, amma..."

11 İyun 2020 17:52 Sumqayıt 2 066
"Qarabağ"a keçəndə təkliflərim çox idi, amma..."

Sportinfo.az-da "Keçmiş, bu gün və gələcək" rubrikası davam edir.

Budəfəki müsahib "Sumqayıt"ın mərkəz müdafiəçisi Şəhriyar Əliyevdir.

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Deməzdim ki, sırf pul qazanmaq üçün bu yolu seçmişəm. Çünki bizim vaxtımızda futbolda elə də yaxşı pullar yox idi. İlk dəfə 4-cü sinfi bitirəndən sonra futbola getmişəm. Atam aparıb yazdırmışdı. Dəhşət həvəsim vardı. Məhəllədə özümdən yaşca böyük uşaqlarla futbol oynayırdım. Heç vaxt da düşünmürdüm ki, nə vaxtsa böyük futbol oynayaram.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- Açığı, rüşvətlə qarşılaşmamışam. Futbola ilk dəfə İsmət Qayıbov adına stadiona getmişdim. İlk məşqçim Fazil Abbasov olub. Mən təzə gedəndə hələ öz yaş qruppam yığılmamışdı. Özümdən böyüklərlə məşq edirdim. Dururdum qabaqda, ötürmə edirdilər mən də boş qapıya vururdum (gülür). Məbləği xatırlamıram, amma hamıdan aylıq pul yığılırdı. Fazil müəllim, sağ olsun məndən pul almırdı.

- Futbolda idealın kim olub?

- Karlos Puyol və Bülənt Korkmazı hər zaman çox bəyənmişəm. Onlara qarşı çox böyük istəyim olub. Özüm də müdafiədə çıxış edirəm. İstəmişəm ki, onlar kimi oynayım. Düzdü, indi ikisi də karyerasın bitirib. Hazırda karyerası davam edənlərdən isə Serxio Ramosu deyə bilərəm.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- Razıyam, futbol sevgim oxumaq həvəsin arxa plana atıb. 4-cü sinfə kimi çox yaxşı oxumuşam. Ondan sonra yaxşı oxuyanları yığıdılar 5 a-ya. 5 a sinfi səhər növbəsi oldu. Digər 5-ci siniflər gunorta növbəsi. Mən də yaxşı oxuyanlar sinfində idim. Dediyim kimi futbola da 4-cü sinfi bitirən kimi getdiyim üçün sanki ikisin bir yerdə alındıra bilmədim. Futbola o qədər həvəsliydim ki, məşqlərdən sonra gəlib, həyətdə də oynayırdım. Yəqin ki, buna görə də oxumağım o qədər də yaxşı olmadı. Amma ən azından İdman Akademiyasına daxil ola bildim.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Düzdü, hər bir futbolçu kimi mən də ailəmi düşünürəm. Futbol elə bir şeydir ki, nə olacağı bilinmir. Zədə ola bilər, uğursuzluq ola bilər. Ona görə də çalışıram futbolu bitirəndən sona nəsə bir gəlir yerim olsun. Hazırda belə şeylərə o qədər də çox önəm vermirəm. Buraxmışam qardaşımın ixtiyarına. Özüm indi futbolu daha çox düşünürəm.

- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən, yoxsa daha çoxuna nail ola bilərdin?

- Mən də istəyərdim ki, daha yaxşı karyeram olsun. Bundan da yüksək yerlərdə olum. Amma bəzən ya insan yalnış seçim edir, ya zədələr imkan vermir. Məndə də bunlar yaşanıb. Neçə dəfə olub ki, formamın ən yüksək yerindən olduğum vaxt zədələr almışam. Amma hər şeyə rəğmən hazırda olduğum yerə də şükür edirəm. Allahdan heç vaxt şikayətçi olmamışam. Hazırkı yerdə olmaq da mənim üçün pis deyil. Hələ 27 yaşım var. Karyeram qarışıdadır. Daha yüksək yerlərə gedə bilərəm. Daha əzimlə, istəklə çalışmaq lazımdır. Heç vaxt həvəssiz olmamışam. Hər zaman qarşıma məqsəd qoymuşam ki, daha çoxuna nail olmalıyam.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Həqiqətən də adıçəkilən ölkələrdən olan futbolçuları izləyirik. Bilmirəm, əsl səbəblər nədən qaynaqlanır. Bəlkə də bizim bir neçə futbolçumuz ölkə xaricində daimi qalsa, xarici menecerlərin də bura marağı yaranar. Sanki bizim ölkəyə baxan yoxdur. Skautların qarşısına Gürcüstan, Rusiya, Azərbaycan pasportu qoysan, digərlərinə baxacaqlar, amma bizə yox. Braziliyanın ən aşağı divizinonunda çıxış edənə baxacaqlar, amma bizim futbolçuya yox. Açığı, bu sirrin nədən qaynaqlandığını tam deyə bilmirəm. İnaşallah gələcəkdə bu vəziyyət yaxşıya doğru dəyişər.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?

- Aqil Məmmədov, Bəhlul Mustafazadə, Qara Qarayev, Emin Mahmudov, Rəhman Hacıyev, Ağabala Ramazanov

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Futbolçu ömrü çox azdı. Hər an karyeran bitə bilər. Hal-hazırda futbolu daha çox düşünürəm. Amma hər bir insan istər ki, gələcəkdə biznesi və ya başqa bir yaxşı işi olsun. Futbolu bitirəndən sonra bu haqda düşünəcəm. Baş məşqçi yox, amma köməkçi məşqçi işləmək istərdim (gülür). Çünki baş məşqçi kimi işləmək çox çətindir. Oyunlarda hansı stresi çəkdiklərini görürəm. Elə rahatı köməkçi məşqçi olmaqdı.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Çox məşqçi ilə işləmişəm. Amma xüsusi olaraq insani xüsusiyyətlərinə görə Şahin Diniyevi fərqləndirərdim. Düzdü, meydanda öz sərtliyini ortaya qoyurdu. Amma futboldan kənarda futbolçularla bir dost kimi olurdu.

- Dostluq etdiyin əcnəbi futbolçu varmı?

- Dostluq elədiyim əcnəbi yoxdur. Amma zaman-zaman bir yerdə çıxış etdiyim əcnəbi futbolçularla arada danışırıq.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Həqiqətən, regionlarda futbolun olmasını çox istərdim. Özüm 3 il Gəncədə oynamışam. Orada futbolu necə sevirlər, canlı şahid olmuşam. Çox istərdim orda futbol hər zaman olsun. Çünki Gəncədən yaxşı futbolçular həmişə çıxıb. Gəncə və Tovuz futboluna yatırım etmək istərdim.

- Sənə görə azərbaycan futbolunun tarixində ən yadda qalan qələbə hansı oyunda olub?

- Uşaqlıqdan futbola həvəsim çox olub. Vadim Vasiliyevin "Neftçi"də oynadığı vaxtlar stadionda top daşıyan olmuşuq. Uşaqlıqdan stadionlarda olmuşam. Yaddaşımda daha çox qalan oyun Türkiyəni 1-0 udduğumuz oyundu.

- Müstəqillik tarximizin ən güclü futbolçusu kimi hesab edirsən?

- Köhnə futbolçuları yaxından izləmək şansım olmayıb. Amma arxiv videolarına baxanda görürəm ki, Nazim Süleymanov çox güclü futbolçu olub.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qala oyun hansı olub və niyə?

- Karyeramda oyunlar çox olub. Daha çox xatırladığım oyun indiki "Ask arena"da olub. Köhnə adı "İnter" olan vaxtlar kubokda evdə 1-1 bərabərə qalmışdıq. Səfərdəki görüşdə isə 2-1 uduzurduq. Bərabərlik qolunu dabanla mən vurdum. Bir müddət hər kəs o qoldan danışdı. İndi də ilk ağlıma gələn o oyun oldu.

- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?

- "Qarabağ"a keçdiyim zaman təkliflərim çox idi, amma mən "Qarabağ"ı seçdim. Orada isə çox az oyunda şans qazandım. Zamanı geri qaytarsaydılar, bəlkə də, "Qarabağ"a keçmək qərarın dəyişərdim. Çünki elə bir xasiyyətim var ki, heç vaxt ehtiyatda oturmağı xoşlamamışam. İstəmişəm daim meydanda olum və formamın haqqın verim.

- Seçdiyin forma nömrəsin xüsusi səbəbi varmı?

- "Bakı"da və "Kəpəz"də 25 nömrə ilə çıxış etmişəm. Bu ad günümlə bağlıdır. "Bakı"da ilk dəfə dedilər hansı nömrəni istəyirsən. Mənim də ağlıma ilk bu gəlmişdi. Amma indi 4 nömrəni götürmüşəm. Bu nömrənin isə heç bir xüsusi səbəbi yoxdur.

- Keçmişini qaytarsalar bu gününü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti yaxşı gələcək vəd edir?

- Keçmişi qaytarsalar bu günü qurban verməzdim. Çünki karyeram hələ qarşıdadır. Bundan da yüksək yerlərə çata bilərəm. Yerimdə dayanmağı xoşlamıram. Nə qədər gücüm var, nə qədər karyeram davam edirsə, daha yuxarı yerlər üçün mübarizə aparacam. Qarşıma bu məqsədi qoymuşam. Alınarsa, ölkə xaricinə də getmək istərdim. Heç vaxt düşünməmişəm ki, 27 yaşım var. Doğma vətəndə qalım və burda qazanım. Heç vaxt buna qane olmamışam. Məqsədim daim irəli getmək olub.

- Futbol karyeranda baş verən ən maraqlı və gülməli hadisə hansı olub?

- "Bakı" ilə İspaniyaya toplanışa getmişdik. Yoldaşlıq görüşlərinin birində oyunun sonları gedirdi. Artıq təcili tibbi yardım maşını stadionu tərk edib getmişdi. Rəqib hücumçu ilə mübarizədə qolum çıxdı. Həkimlər qolumu sala bilmədi deyə, xəstəxanaya aparmaq lazım gəldi. Orada oyunları təşkil edən bir xanım öz maşını ilə məni xəstəxanaya apardı. Bu insan sanki həyatında ilk dəfə idi maşın sürürdü. Hər tranpilin keçəndə fərz elə ki, qolum öz-özünə çıxıb-girirdi (gülür). Bu hadisəni heç vaxt unutmaram.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti