"Futbol əvvəlki tempdə olmayacaq"

22 Aprel 2020 18:31 Sumqayıt 697
"Futbol əvvəlki tempdə olmayacaq"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.

- Artıq uzun müddətdi evdəsiniz. Belə vəziyyətə uyğunlaşa bilmisiniz?

- Get-gedə adam bir az uyğunlaşır. Çalışırıq ev şəraitində olsa belə aktiv həyat yaşayaq.

- Futbolçulardan fərqli olaraq, bəs siz formada qalmaq üçün nələr edirsiniz?

- Bilirsiniz ki, onlayn məşqlər keçirilir. Mən də futbolçulara qoşulub bacardığım qədər onlarla məşq edirəm. Fiziki durumu saxlamaq üçün. Əsas məşq meydanda olurdu, oyunlarda olurdu. O cəhətdən bir qədər passivlikdir.

- Hazırda yəqin ki, ən böyük cətinlik ailələrindən uzaqda qalan əcnəbilər üçündür? Onlara fərqi doğmalıq göstərirsinizmi?

- Əlbəttə, onların durumların başa düşürəm. İlk gündən demişəm ki, ən çətin onlar üçün olacaq. Biz ailələrimizin yanında oluruq. Onlara iki qat çətindi. Həm ailələrindən uzaqdılar, həm də tək qalırlar. Fərdi danışırıq, həddən artıq çox darıxırlar. Amma futbol elə bir sənətdir ki, belə şeylərə dözməlidilər. Hamısı bu cəhətdən peşəkardı.

- Sizcə, belə bir fasilədən sonra futbol əvvəlki ritminə qayıda biləcəkmi?

- Düzdü, bir tərəfdən yaxşıdır ki, hər kəs futbol üçün daha çox darıxacaq. Amma futbol əvvəlki tempdə olmayacaq. Hazırda hər kəsi düşündürən əsas məsələ odur ki, bu xəstəlik tezliklə aradan getsin və futbol həyatı bərpa olunsun.

- Hazırkı fasilə bundan sonra yüksək ödənişli futbolçuların ölkəmizə gətirilməməsinə və yerli futbolçuların maaşlarında azalmaya səbəb ola bilər?

- Bizim klubların çoxu dövlət şirkətləri tərəfdən maliyyələşir. Hər mövsümün əvvəli klublar üçün bəlli bir büdcə olur. Bunu ancaq qarşıdan gələn mövsüm, yəni, büdcələr təyin olunanda bilmək olar. İndiki vəziyyətdə klubların açıqlamalarından görsənir ki, şükürlər olsun hələ ciddi problem yoxdur.

- Məşqlərə başlamağa icazə verilsə, yəqin ki, futbolçuların forma yığması üçün təlim məşq xarakterli toplanış lazım olacaq. Bunun üçün indidən hansısa fərqli məşq proqramı nəzərdə tutmusunuzmu?

- İlk öncə Peşəkar Futbol Liqasının rəsmi açıqlamasını gözləməliyik. Çünki biz bilməliyik ki, çempionat nə vaxt başlayır, nə qədər vaxtımız var və ona uyğun plan qurmalıyıq. Düzdü, hər kəsin beynində hansısa fikirlər var. Amma müddəti bilmədikcə bu haqda nəsə demək çətin olur.

- May ayında müqaviləsi bitən futbolçulardan yolları ayırmaq fikrində olduğunuz kimsə varmı?

- Bizim elə də geniş heyətimiz yoxdur. Hazırda əsas fikrimiz çempionatın bərpasına yönəlib. Çempionat bitəndən sonra gələn il üçün planlar nə olacaqsa, ona uyğun qərarlar veriləcək.

- Belarus çempionatı hazırda avropada davam edən tək çempionatdır. Əksər futbol adamları bu baxımdan ordakı oyunları izləməyə məcbur qalıb. Siz də izləyirsinizmi?

- Belarus çempionatı haqqında əvvəlcədən məlumatım var idi. İki ilə yaxın PRO kateqoriyasın orda oxumuşam. Hər ay ora gedirdim, bir çox oyunları izləyirdim. Hazırda ordakı klublarda çalışan məşqçilərin çox ilə bir yerdə oxumuşam. İndiki halda yalnız bir dəfə oyunlarına baxmışam. Elə də maraqlı gəlmədi.

Xanoğlan İmanov

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!