“Bu günə kimi heç vaxt belə halın yaşandığını görməmişdim"

21 Mart 2020 19:30 Sumqayıt 711
“Bu günə kimi heç vaxt belə halın yaşandığını görməmişdim"

Sportinfo.az xəbər verir ki, COVID-19, başqa sözlə desək, koronavirus təhlükəsi bütün dünyanı silkələyib.

Mənbəyini Çindən götürən və digər qitələrə “idxal olunan” bu virus bütün sahələrə, o cümlədən idmana da təsirini göstərib.

Son günlərdə dünyada xeyli sayda sanballı turnirlər, Olimpiadaya vəsiqə verən yarışlar təxirə salınıb. Yüzmilyonlarla insanın sevimli idman növü olan futbolda da koronavirusun təsirini görmək mümkündü.

Avropanın, Asiyanın aparıcı çempionatları “dondurulub”. “Köhnə qitə”də olduğu kimi, Azərbaycan premyer-liqasında, birinci dəstəsində də məcburi fasilə elan olunub.

Ondan əvvəl isə AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupları üzrə çempionatlarda turlar təxirə salınmışdı. Və belə görünür ki, tətil bir qədər də uzanacaq.

Belə ki, AFFA-ya yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, aşağı yaş qrupları arasında keçirilən yarışlarda fasilə aprelin 14-nə kimi davam edəcək.

Bu müddətdə pandemiya təhlükəsi aradan qalxarsa, assosiasiya rəhbərliyi aşağı yaş qruplarının çempionatını davam etdirəcək, əks halda məcburi tətil bir qədər uzadılacaq.

“Koronavirus tətili”nin futbol akademiyalarının gündəlik fəaliyyətinə nə dərəcədə təsir etdiyini bilmək üçün “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalla danışdıq (Futbol+):

“İlk növbədə Azərbaycanın hakim dairələrinə “çox sağ ol” demək istəyirəm ki, bəzi Avropa ölkələrinin belə ciddiyə almadığı ağır duruma belə operativ reaksiya verib. İki həftə öncə mən Almaniyadaydım. Ordan qayıdanda hava limanında gələn insanları yoxlamadan çölə buraxmırdılar.

Halbuki həmin vaxt Almaniya hökuməti koronavirusa o qədər də ciddi yanaşmırdı. Bura qayıtdıqdan bir neçə gün sonra artıq Almaniyada da durumu anlayıb ciddi tədbirlər görməyə başladılar. Bu yöndə deyərdim ki, Azərbaycan bir çox inkişaf etmiş Avropa ölkələrinə nümunə oldu. Müxtəlif yaş qrupları arasında keçirilən ölkə çempionatının təxirə salınmasına gəlincə, bunu anlayışla qarşılamaq lazımdı.

İlk növbədə insan həyatını nəzərə almaq lazımdı. Ehtiyatlı tərpənib, bəşəri problemin acı fəsadlarını yaşamamış bu addımı atmaq vacib idi. Bəli, məşqlərin və çempionat oyunlarının təxirə salınması bizim üçün heç də xoşagələn hal deyil. 10, 11, 12 yaşlı uşaqların bir müddət futboldan kənarda qalması heç də qorxulu deyil. Onların yaşını nəzərə alanda fiziki durumla bağlı çətinlik yaranacağını demək olmaz.

Əksinə, fasilədə onlar top üçün darıxacaqlar, məşqlər bərpa olunanda meydana daha həvəslə çıxacaqlar. Ancaq 15, 16, 17 və 19 yaşlı oyunçular üçün fasilə heç də yerinə düşmədi. Mövsümün qızğın çağında onlar futboldan soyuyurlar. Düzdü, qeyd etdiyim yaş qruplarında çıxış edən oyunçuların hamısına fərdi hazırlıq planı verilib.

Məşqçilər bu planı hazırlayıb onlara göndəriblər. Ancaq biz onları nəzarətdə saxlaya bilmədiyimizdən kimin plana əsasən çalışıb-çalışmadığını bilmirik. Belədə hər şey həmin gəncin öz vicdanından və işinə nə dərəcədə peşəkar yanaşacağından asılıdı. Bəlkə də belə vaxtda hansı yetirməmizin necə xarakterə malik olduğunu da görə biləcəyik”.

Hakan bəy koronavirusun acı fəsadlarına da toxundu: “Bu günə kimi heç vaxt dünya futbolunda belə halın yaşandığını görməmişdim. Son 30 ildə planetdə çoxlu dəhşətli təbii hadisələr olub, müxtəlif ölkələrdə müharibələr baş verib. Son 5-6 ildə Suriyada və başqa yaxın şərq ölkələrində silahlı toqquşmalar, müharibələr görmüşük.

Buna baxmayaraq, nəinki Avropada, hətta həmin ölkələrdə futbol çempionatı davam edib, yığmalar səviyyəsində görüşlər keçirilib. İndi təsəvvür edin: konovirus nə dərəcədə təhlükəlidi ki, başı çox şeylər çəkmiş, dağıntılar, müharibələr görmüş Avropada çempionatlar təxirə salınır.

Qitə çempionatının keçirilib-keçrilməyəcəyi sual altındadı. Odu ki, AFFA-nın liqaların oyunlarını təxirə salmasını, fasilənin uzadılmasını başa düşmək lazımdı. Yenə təkrarlayıram, əsas olan insan taleyidi. Hər bir uşağın sağlam olması, dəhşətli xəstəlikdən uzaq qalması ümdə məsələdi”.

Digər Xəbərlər
Xəbər Lenti