"Belə davam etsə, çox əzizimiz dünyasını dəyişəcək"

21 Mart 2020 16:00 Sumqayıt 1 254
"Belə davam etsə, çox əzizimiz dünyasını dəyişəcək"

"Sumqayıt"ın iranlı hücumçusu Peyman Babayi Sportinfo.az-a müsahibə verib

- Koronavirus pandemiyası ilə bağlı ölkə çempionatına 1 ay fasilə verildi. Səncə, doğru qərar idimi?

- Koronavirs dünyanın hər yerinə yayılıb. İnsanın canı hər şeydən üstündür. Biz olmasaq, futbol da olmaz. Düzgün qərar veriblər.

- Yaranmış fasilədə vaxtını daha çox nəyə sərf edirsən?

- Daha çox evdə oluram. Axşamlar vaxtımı daha çox ingilis dilini öyrənməyə ayırıram. Müxtəlif yeməkləri yutubdan baxıb özüm üçün bişirirəm.

- Hazırda ailə üzvlərindən yanında kimsə var?

- Ata və anamı yanıma gətirməyi çox istədim. Amma mümkün olmadı. Sumqayıtda tək qalıram

- İrana getməyi heç düşündümü?

- Ailəm mühümdü mənim üçün. Mənim işim burdadır. Klubla müqaviləm var. Gedə bilərdim, amma sərhədlər bağlıdır. Getsəm qayıda bilməyəcəm. Problem olar düşündüm və qalmağa qərar verdim.

- Ölkəndə vəziyyət necədir? Əlaqə saxlayırsanmı?

- Demək olar 2 saatdan bir ailəmlə danışıram. İranda hamıya evdən çıxmamaq tapşırığı veriblər. Amma vəziyyət heç də yaxşı deyil. Oxuduqlarıma görə, hər saatdan bir 3 iranlı rəhmətə gedir. Belə davam etsə, çox əzizlərimiz dünyasın dəyişəcək. Allah tezliklə bütün ölkələrdən bu koronavirus bəlasını təmizləsin. Tezliklə insanların sağalması üçün lazım olan dərmanlar tapılar.

- Peyman, uzunmüddətli fasilə "Sumqayıt"ın gələcək çıxışına necə təsir edəcək?

- Tək "Sumqayıt" yox, bütün komandaların çıxışına təsir qoyacaq. 1 ay məşqsiz qalmaq istənilən futbolçu üçün yaxşı olmayacaq. Bəzi məşqlər veriblər ki, evdə onunla məşğul oluruq. Amma belə məşqlər komanda halında keçilən hazırlığı əvəz edə bilməz. Amma ən önəmlisi sağlamlığımızdır. Sonra çalışarıq sürətli məşqlərlə formaya düşək.

- Bu fasilə müddətində klubdan səninlə əlaqə saxlayan, maraqlanan olur?

- Ayxan müəllim tez-tez əlaqə saxlayıb məşqlərimizlə bağlı soruşur. Sağ olsun rəhbərlik də bizi unutmur. Başqa ölkədə olsam da, təklik hiss etmirəm.

- Ehtimallar var ki, çempionat başa çatdırılmasın və hazırkı turnir cədvəlinə görə çempion və avrokuboklara gedəcək klublar təyin olunsun ...

- Bu söhbətləri mən də eşitmişəm. İranda da belə söhbətlər gedir. Amma bu dəqiqə üçün nəsə demək olmaz. Biz baş verəcək hər bir hala hazırıq. Əsas olan insanların gələcəyi yaxşı olsun.

Digər Xəbərlər
Xəbər Lenti