Rəfiyev kimə fors edir ki?

10 Mart 2020 23:05 Sumqayıt 896
Rəfiyev kimə fors edir ki?

Ötən tur çətin Zirə qələbəsindən sonra "Qəbələ"də ruh yüksəkliyinin olacağı gözlənilirdi.

Hər halda "son pilləni tutan komanda liqanı tərk edəcək" tipli "kabinet oyunları" mesajı qəbələliləri yuxudan oyatmalı idi. İndi hiss olunur, klub olaraq bunu dərk edirlər. "Sumqayıt"la oyun bunu əyani göstərdi.

"Qəbələ" meydana qələbə üçün çıxmışdı: komanda oyunu, əzmkarlıq, futbolçuların bir-birini vaxtında sığortalaması yerində idi. Elmar Baxşıyev rəqibi taktiki anlamda səlist analiz etmişdi. Qollar vurulduqca, futbolçuların özünəinamı daha da artırdı.

Qələbə qələbə gətirir. "Qəbələ" sonuncu pillədə qərarlaşsa da, 4-8-ci yerlər arasında xal fərqi o qədər cüzidir ki, növbəti qələbələrlə nəinki son pillədən qurtulmaq, orta sıralarda da möhkəmlənmək mümkündür. Sadəcə, kollektiv özünə inanmalıdır.

Son turlar Elmar Baxşıyevin bir üstünlüyü də onda oldu ki, həmkarları kimi adı milli ilə hallanmadı, kölgədə qalaraq öz qələbələrini qazandı.

Ötən turun analizində "Sumqayıt"ın çöküşə gedəcəyini bildirmişdik. Elə də oldu. Qış təlim-məşq toplanışından sonra komanda tədricən forma yığmaq əvəzinə, əksini etdi.

İlk oyunlarda sumqayıtlılar meydanda çox yaxşı görünsələr də, indi əvvəlki sürət, istək, əzmkarlıq itib. Nə qədər zədəli, cəzalı, heyət problemi olsa da, qarşında "Qarabağ" deyil, autsayder idi. Müdafiədə heyət problemi, futbolçularda düşüşün yaranması fonunda, açıq futbola getmək özünəqəsdir.

Ən doğrusu, qapalı oyun sərgiləyib, əks-hücumlara bel bağlamaq olardı. İstər ilk qol, istərsə ikinci yarıda məcburiyyətdən önə atılma böyükhesablı fəlakətlə nəticələndi.

Ayxan Abbasovun adının milli ilə hallandırılması da mənfi effekt verdi. İstər-istəməz mətbuatdakı müzakirələr fikri yayındırır, jurnalistlərin suallarına cavab vermək məcburiyyətində qalır.

Qısa vaxtda baş məşqçi istər özünün, istərsə futbolçuların psixoloji sarsıntısını, funksional tarazlığını yerinə qoymalı, komandanın özünəinamını qaytarmalıdır.

Deyilənlərə inansaq, Riad Rəfiyevin matçı sona kimi işləməyib stadionu tərk etməsi biabırçılıqdır. Birincisi, belə anlarda klub prezidenti komandanın yanında olmalı, dəstəyini əsirgəməməlidir.

Nə qədər uğursuzluq olsa da, "Sumqayıt" ən aşağı büdcə ilə avrokuboklara daha yaxındır və kubokda da yolunu davam etdirir. Elə taleyüklü görüşlər olub ki, o, heç komandanın oyununa gəlməyib. AFFA-nın, baş katibin tapşırıqlarının arxasınca yollanıb, səfərlərdə, otellərdə gecələyib.

Məşqçi, futbolçular təkbaşına oyunları çıxarıb, nəticələri təmin edib. Riad Rəfiyev kimə fors edir ki? Sponsordur, kluba pul buraxır, yoxsa nə? Digərləri kimi, özü də maaşa işləyən göndərilmiş prezidentdir.

Klub prezidenti adını o qədər hörmətdən saldılar ki, uçaq bağçası kimi küsməylərinə gəlib. Kollektivin birliyi çətin anlarda bilinir. Növbəti turlarda "Sumqayıt"ın birliyinin olub-olmaması bilinəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”