"Otaqda ağlayırdılar - belə məğlubiyyəti kim istəyər?"

10 Mart 2020 17:12 Sumqayıt 1 024
"Otaqda ağlayırdılar - belə məğlubiyyəti kim istəyər?"

«Bu cür məğlubiyyətlə istənilən komanda üzləşə bilər və üzləşir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqanın 20-ci turunda bir neçə sürpriz nətiicə qeydə alındı. Onlardan biri də Qəbələdə gerçəkləşdi. «Kimyaçılar»ın səfərindən minimum 1 xalla dönəcəyi gözlənildiyi halda, 0:5 hesabıyla uduzdular.

Abbasov artıq bu qarşılaşmanı lazımınca təhlil etdiklərini və dərs çıxarmağa çalışacaqlarını bildirib: «Komandanın iclasında hərtərəfli analiz apardıq.

Cərimə? Xeyr, heç bir gərək yoxdur. Bir oyuna görə futbolçuları cəzalandırmağa dəyməz. Belə məğlubiyyəti kim istəyər?

Oyundan sonra paltardəyişmə otağında ağlayanlar var idi. Düzdür, mətbuat 5:0 haqda çox şey yazır və yaza bilər, amma mən bu gün də, sabah da futbolçularımın arxasındayam.

Onlara inamım tamdır və bu, axıra kimi belə olacaq. Səhvləri özlərinə demişəm. Mənim istədiyim odur ki, hər oyunda mübarizə aparaq, mübarizəsiz uduzmayaq.

Mübarizə aparıb uduzmaqda bir o qədər qəbahət yoxdur. Amma tez ruhdan düşmək, bu qədər qol buraxmaq olmaz. Bunların hamısını izah eləmişəm, ruhdan düşmək lazım deyil.

Əsas mübarizə hələ qabaqdadır, ona hazır olmalıyıq. Şadam ki, klub rəhbərliyi bu mənada bizə böyük dəstək verir. Birlikdə vəziyyətdən çıxmağa çalışırıq».

Digər Xəbərlər
Xəbər Lenti