"Sumqayıt"da Abbasovun ayağının altını qazanlar kim(lər)dir?

8 Mart 2020 18:50 Sumqayıt 1 257
"Sumqayıt"da Abbasovun ayağının altını qazanlar kim(lər)dir?

Bu, «Sumqayıt»ın Ayxan Abbasovun gəlişindən keçən ilyarımda üzləşdiyi ikinci ən böyükhesablı məğlubiyyət idi.

Birincisi ötən mövsüm, «Qarabağ»la ev oyununa təsadüf etmişdi - 0:6.

Dünən də Qəbələdə qapılarında 5 cavabsız qol gördülər.

Hakimin final fitini gözləmədən paltardəyişmə otağına yollanan Abbasov nəticədən hədsiz narahat görünsə də, futbolçularını mətbuata «satmadı», həmişəkitək məsuliyyəti öz üzərinə çəkdi. 0:5-ə görə cavabdehliyin onda olduğunu bildirməklə, komandasını yalnız mediadan, azarkeşlərdən deyil, eyni zamanda, klubun rəhbərliyindən qorudu.

Baxmayaraq ki, düşərgədəkilərin hamısı Abasovun şəxsi istəyi ilə kollektivə götürülməyib. Elvin Bədəlov, İlqar Qurbanov, Mehdi Cənnətov, Rail Məlikov və daha bir neçə nəfərin adını qeyd edə bilərik ki, onlar bilavastə Riad Rəfiyevin təkidiylə bu formanı geyinir.

«Sumqayıt» qış fasiləsini boş keçirən yeganə Premyer Liqa təmsilçisidir. Digərləri heyəti gücləndirməyin qayğısına qalanda, «Sumqayıt» əl-qolunu yanına salıb, mövcud kontingentlə kifayətlənməli oldu.

O birilər hər tərəfi ələk-vələk eləyən vaxt, Rəfiyev bu klubun prezidenti postunu tutmasını tamamilə unutmuşdu. Fikri Yevgeni Koçukla Ramil Şeydayevin yanında qalmışdı, həm də milliyə baş məşqçi axtarışlarına qoşulmuşdu.

Nikola Yurçeviçin 1 illik fəaliyyətindən 140 min dollar qazanan Riad bəyin başqa gəlir mənbələri də var. Amma bu, sırf özü üçündür. Balıncının altında gizlətdiklərini «Sumqayıt»a sərf etməz və açığı, bu, onun heç ağlının ucundan da keçmir.

Çünki o, gələcəyini burada görmür. Rəfiyevə görə «Sumqayıt» vağzalın müvəqqəti gözləməli zalıdır, bir müddət sonra AFFA tərəfindən daha iddialı klubun rəhbərliyinə «ezam olunacaq». Odur ki, futboldan qazandıqları adı üstündə olan

komandasına qıymır. Bunu eləməməsi azmış kimi, uzun müddətdir yığılb qalan mükafat borcunu da futbolçulara ödəmir. Komanda qələbə qazananda quru təbriklə kifayətlənib aradan çıxan, uduzanda isə səsi hər yanı başına götürən Rəfiyevə kollektivin əksər üzvlərinin nifrəti sonsuzdur.

Onlarını pulunu verməyən prezidentin özünə dəyəri 130 min manatı ötən yeni avtomobil almasını görən oyunçular niyə «Sumqayıt» üçün canını meydanda fəda etsin ki..? Dəymir və dəyməz.

Problemlərə bir qədər ümumi yanaşmaq lazımdır, dünənki oyunun içində ilişib qalmaq doğru deyil. Bunu bir qəza, yaxud təsadüf hesab etmək də olmaz.

«Sumqayıt» qış fasiləsindən sonra yerində ləngər vurur, ardıcıl 2-3 tur sabit çıxış eləmir və biz bu mənzərəyə artan narazılıq fonunda heyrətlənməməliyik.

Başdakıların etinasız və barmaqarası münasibətindən sonra Ayxan Abbasovun edə biləcəyi nə ola bilər ki? Uzaqbaşı, müdafiə. İstər meydanda, istərsə djə ondan kənarda. Lakin bu da həqiqətdir ki, Rəfiyevin diktəsi altında olan bəzi futbolçular baş məşqçiyə qarşıdır və onlar bir müddətdir suyu bulandırmağa başlayıblar.

Gizlicə anti-Abbasov təbliğatı aparır, nizam-intizama həddən ziyadə ciddi önəm verən baş məşqçinin ayağının altını qazırlar. Od olmasa, tüstü çıxmaz - bu, get-gedə geniş vüsət almaqdadır, hətta o qədər ki, səs-sorağı artıq bizlərə gəlib çatıb.

Ona görə də Qəbələdəki darmadağını axırıncı deyil, axarıncı olması gümanı böyükdür. Dünən buraxılan qolları izləyin, səhvləri incələyin, qurşaqdan aşağı vurulan zərbənin izini görəcəksiz və əmin olacaqsız ki, nə var, nə yox. Həri şey o qədər sadə və açıq-açığına etdilər ki…

Təki yanılaq və xətər «Sumqayıt»dan yan ötsün. Abbasov və ona simpatiya bəsləyən futbolçular, eləcə də icraçı direktor Zamiq Hüseynovla Rəşad Məmmədov birlikdə komandanı bir yerə gətirib çıxara biliblər, hədər getməsin bu boyda zəhmət.

Hər halda «Sumqayıt» çempionat və kubok yolu ilə tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq şansını hələ də qoruyub saxlamaqdadır.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti