"Açığı, mən “Sumqayıt”da qalıb başladığım işi sona çatdırmaq istəyirəm"

5 Mart 2020 15:46 Sumqayıt 858
"Açığı, mən “Sumqayıt”da qalıb başladığım işi sona çatdırmaq istəyirəm"

Qış fasiləsindən sonra keçirdiyi ilk iki oyunda azarkeşlərini sevindirən “Sumqayıt” son iki matçda məğlub olmaqla tərədarlarını məyus etdi.

Paytaxt təmsilçisi ilə matç ərəfəsində “gənclik şəhəri”nin təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla söhbətləşdik.

Ayxan bəy həm komandasının durumundan danışdı, həm də son günlər müzakirələrə səbəb olan Sezar Meza Kollinin “milliləşdirilməsinə” münasibət bildirdi.

- Ardıcıl iki yenilgidən sonra komandanı psixoloji cəhətdən gələn oyuna hazırlamaq çətin deyil ki?
- Heç bir çətinlikdən söhbət gedə bilməz. Bu gün premyer-liqada vəziyyət elədi ki, bir neçə oyunu ardıcıl uduzan komanda sonradan iki matçda 3 xalı qazanıb turnir cədvəlində üst pillələrə yüksələ bilir. “Qarabağ”a məğlubiyyət dünyanın sonu demək deyil. Ötən həftə futbolçularım güclü komandaya qarşı layiqli mübarizə apardılar. Ancaq öz meydanımızda “Sabah”la keçirdiyimiz görüşdə etiraf edirəm ki, qələbəyə köklənmişdik. Təəssüf ki, istədiyimizə nail ola bilmədik.

- Yəqin ki, artıq futbolçularınıza rəqibin güclü və zəif tərəfləri barədə məlumat vermisiz.
- “Qarabağ”la matçın ertəsi artıq “keşlə” ilə oyunun hazırlıqlarına başlamışıq. Əvvəlcə məşqçilər korpusu ilə birgə rəqibi təhlil etdik. Ondan sonra isə komanda üzvlərinə rəqib barədə məlumat verdik. “Keşlə”nin oyununu izlədikdə bir daha əmin olursan ki, Tərlan Əhmədovun yetirmələri bu gün heç də təsadüf nəticəsində 3-cü pillə də qərarlaşmayıb. Bu komanda nəticə lazım olanda toparlanıb onu qazanmağı bacarır. Heyətində ustalıq səviyyəsi yüksək olan oyunçular var ki, onlar da hər dəqiqə meydanda nəsə edə bilərlər.

- Yenidən “Qarabağ”la oyunu yada salaq. Qarşılaşmanın son dəqiqələrində autdan topu oyuna daxil edərkən çoxları “feyr-pley”ə uyğun olaraq topu rəqibə verəcəyinizi gözləyirdi. Ancaq “Sumqayıt”ın futbolçusu bunu etmədi ki, bu da meydan sahiblərinin kapitanı Rəşad Sadıqov tərəfindən xoş qarşılanmadı. Sadıqov oyundan sonra epizodla bağlı etiraz etdi və hətta “Neftçi”nin düz edib “feyr-pley”ə əməl etməyib “Sumqayıt”a qol vurduğunu söylədi. Sizin də həmin anla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Məncə, o oyundakı epizodla, “Tofiq Bəhramov”dakı vəziyyəti müqayisə etmək düzgün deyil. “qarabağ”ın futbolçusu yerdə qalanda top komandasında idi. Onlar da hücumu davam etdirirdilər. Hətta mən kənardan meydan sahiblərinin oyunçularından birinə topu auta çıxartmasını istədim. Lakin onlar bunu etmədilər. Sonradan top bizə keçdi. İnanmıram ki, Qara Qarayev həmin bilərkdən bu addımı atdı. O sadəcə, bizim hücumun qarşısını almaq üçün topu yan xəttdən çıxardı. Öz folbolçusu komanda yoldaşına görə bu addımı atmırsa, bizim oyunçuya niyə irad bildirilməlidi? Özü də həmin epizodda oyunun son saniyələrində yaşandı.

- Əsas heyətin üzvləri olan Vurğun Hüseynovla Vüqar Mustefayevin durumu nə yerdədi? Hər ikisi zədə səbəbindən meydandan kənarda qalıblar.
- Vurğun böyük ehtimalla, “Keşlə” matçdan sonra məşqlərə başlayacaq. Hələ ki, zədəsinin bərpası ilə məşğuldu. Antalyadakı toplanışda zədələnən Vüqar isə artıq kollektivlə məşqlərə başlayıb. Ancaq onun bu həftə meydana çıxıb-çıxmayacağı hələ məlum deyil.

- Son günlər bəzi futbolçularınızın adı müxtəlif klublarla yanaşı hallanır. Mətbuat bu barədə xəbərlər paylaşır. Necə düşünürsüz, bu rəiqblərinizin sizin oyunçuların fikirini yaynındırmaq üçün atdığı addımdı, yoxsa, həqiqətən də onlara maraq belə böyükdü ki, indidən gizli görüşlər başlayıb?
- “Sumqayıt”ın oyunu göz qabağındadı. Hələ ki, ilk “üçlük”də yer almasaq da, oyun planında bu günə kimi nəyəsə nail olmuşuq. Heyətdə yer alanların hər birinin də bundan müəyyən xidməti var. Futbolçularımızla maraqlananların olmasını normal qarşılayıram. Dəfələrlə fərdi söhbətlər zamanı bu haqda onlarla söhbətimiz olub. Onların hər biri peşakardı və yaxşı başa düşürlər ki, mövsümün sonuna kimi klubla müqavilələri var və müqavilə şərtlərinə də əməl etməlidilər. Futbolçularıma inamım sonsuzdu və onların peşəkarlığına güvənirəm. Hamımız yaya qədər üzərimizə düşən missiyanı şərəflə yerinə yetirməliyik.

- Texnikası və meydanı görmə qabiliyyətinə görə Əmir Ağayev xüsusi fərqlənir. Ancaq onun da çatışmazlıqları var. Çoxları Əmiri qorxaq, ikili mübarizədən çəkinən futbolçu kimi qələmə verir. Siz necə düşünürsüz?
- Bu günə kimi Əmirin komandaya çox xeyri dəyib. futbolçu var ki, o müdafiə planlıdı, oyunçu da var ki, o daha çox hücuma dəstək verir. Ağayev məhz ikinci qrupa aid olanlardandı. Onun yüksək texnikası oyunu oxuma qabiliyyəti var. Ola bilsin, dağıdıcılıq və rəqibdən top almaq cəhətdən çatışmazlıqları var. Ancaq onun meydanda işi başqadı və onu da yerinə yetirir. Mənim ondan narazılığım yoxdu. Elə cari mövsümdə Əmirin bir neçə matçda necə parlaq oyun nümayiş etdirdiyini yada sala bilərik. Biliriz belə söz-söhbətlər nə vaxt meydana çıxır? O vaxtkı komanda bir qədər büdrəyir, bir-iki oyun məğlub olur. Onda hamı hər xırda detala fikir verib, yenilgini onunla əlaqələndirir. Ancaq bəzən elə olub ki, qalib gəldiyimiz qarşılaşmadan sonra baş məşqçi olaraq mən futbolçularımdan narazı qalmışam və iclasda komandaya iradlarımı demişəm. Mətbuatda isə heç kim bizim oyunçular haqda mənfi fikir sələndirməyib. Qazanılan 3 xal nüanslara diqqət ayırmağın qarşısını alır.

- Bir qədər əvvəl futbolçuların əksəriyyətinin müqaviləsinin yayda başa çatacağını vurğuladız və onu da əlavə etdiz ki, mövsümün sonuna kimi hər kəs üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidi. Elə sizin özünüzün də anlaşmanızın vaxtı yayda sona çatır. Ayxan Abbasov “Sumqayıt”da qalmaq istəyir, yoxsa başqa təklifləri gözdən keçirmək niyyəti var?
- Açığı, mən “Sumqayıt”da qalıb başladığım işi sona çatdırmaq istəyirəm. Dəfələrlə bu sözü demişəm və yenə təkrarlamaq istəyirəm: hazırkı kollektivi qoruyub saxlaya bilsək növbəti mövsümdə çox şeyə nail ola bilərik. Bu komandanın avrokuboklara vəsiqə qazanmaq üçün potensialı var. Ancaq bəzi oyunçuların bir qədər də təcrübə toplaması vacibdi. Özünüz də görürsüz ki. rəqiblərimiz də əllərini yanlarına salıb oturmurlar. Qış fasiləsində heyəti gücləndirməyən tək “Sumqayıt” oldu. Hələ deyirik ki, qış da futbolçu tapmaq çətindi. İndi siz təsəvvür edin yayda vəziyyət necə olacaq. Onların güclənməsi fonunda bizim yerimizdə saymağımız ciddi hədəflər uğrunda mübarizə aparmağımıza mane olur. Bu üzdən hər şey tək məndən asılı deyil. Rəhbərlik də bu yöndə iş görməli. Mənə yardımçı olmalıdı. Özünüz də bilirsiz ki, “Sumqayıt” daim gənc futbolçulara güvənən klub olub. belə də yola davam edəcəyik. Ancaq bir-iki təcrübəli oyunçu olmalıdı ki, təcrübə ilə gəncliyin vəhdətindən döyüşkən, mübarizə əzmi ilə seçilən və ən əsası ambisiyalı komanda yaradaq.

- Son günlərin ən çox müzakirə olunan mövzusu ilə bağlı sizin də fikrinizi bilmək istərdik. Bu gün sezar Meza Kolli yığmaya lazımdı?
- Bir neçə gün öncə bu məsələ ilə bağlı açıqlama vermişdim. Ancaq kimlərsə dediklərimi səhv başa düşdülər. bir məşqçi olaraq, mən hansı klubda işləməyimdən asılı olmayaraq, Sezar Meza Kolli kimi futbolçunun yanımda olmasını istəyərəm. Onun nəyə qadir olduğunu yaxşı bilirik. O hazırda “Keşlə”nin lideridi. Komandanın onlu və onsuz oyunlarına diqqət yetirin və o dəqiqə aradakı fərqi hiss edəcəksiz. O “Keşlə”nin düşünən beynidi və texnikası da göz oxşayır. Ancaq milli başqa məsələdi. Onsuz da yığmamızın yaxın gələcəkdə hansısa böyük turnirlərin final mərhələsində çıxış etmək perspektivi yoxdu. Gələcəyik komandasını qurmaq istəyiriksə, Sezar kimi futbolçunu bu yaşda “milliləşdirmək” bizə heç nə verməyəcək. Ondan fayda götürməycəyiksə, niyə hansısa azərbaycanlının yolunu kəsirik? Onun “milliləşdirilməsi”, yığmaya cəlb olunması ötən seçmə mərhələlərdə komandaya dəvət alan, ancaq meydana çıxmayıb yeni tsikli gözləyən futbolçuları məyus edəcək. Burda deyə bilərsiz ki, yerlilər rəqabətdə ondan üstün olub heyətdə özlərinə yer etsinlər. Ancaq hər şey heç də göründüyü kimi sadə deyil. Emin Mahmudov, “Sumqayıt”da çıxış edən Rəhim Sadıxov kimi futbolçularda artıq yığmaya dəvət olunmaqla bağlı inam öləcək. Milli də oynamaq hər bir futbolçunun ən böyük arzusudu. Məncə, yığmanın uğur qazanmasını istəyiriksə, ilk növbədə düşərgədə milli ruhu oyatmaq lazımdı. Bayrağımızın, himnimizin, gerbimizin qədrini azərbaycanlılar daha çox bilir, nəinki kənardan dəvət etdiklərimiz.

RƏŞAD

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!