"Sumqayıt"dan ayrılmağa məcbur idim" - MÜSAHİBƏ

28 Fevral 2020 15:46 Sumqayıt 1 140
"Sumqayıt"dan ayrılmağa məcbur idim" - MÜSAHİBƏ

Bir müddət əvvəl «Sumqayıt»da ayrılan oldu.

Samir Abdulov klubun akademiyasındakı iş yerini itirdi. O, buna kimi aşağı yaş qrupu üzrə komandanı çalışdırmaqla yanaşı, baş koordinator Hakan Sünalın köməkçisi idi.

Vaxtilə ölkədə bir çox iddialı klubların formasını geyinmiş Abdulovun «Sumqayıt»la vidalaşmasına səbəb… Redaksiyamıza daxil olan məlumata görə, Riad Rəfiyevi tənqid etməsidir.

Belə ki, prezidentin akademiyaya diqqət ayırmamasından, maaşların azlığından şikayətlənib, haqqını tələb edib, nəticədə iş yerini itirib. O, Sportinfo.az-a müsahibəsində gedişi haqda danışıb.

- Hazırda nə işlə məşğulsan?
- Öz oğlumun adına Raul Futbol Məktəbi açmışam. Məşqlər Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçirilir. Artıq 3 ildir fəaliyyət göstərir. Bir sözlə, futbolçu karyeramı bitirdikdən sonra buradayam.

- Məktəbdə hansı yaş qrupları var?
- 5-12 yaşlı uşaqlardan ibarət 4 yaş qrupu var. 6-7 yaş, 9 yaş, 10-11 yaş və 12-13 yaşlılardan ibarət ayrı-ayrı qruplardır. Həftədə 4 dəfə məşqlərimiz olur. Məşqlər 1-1.5 saatlar arasında dəyişir.

- "Sumqayıt" Futbol Akademiyasında da çalışırdın. Amma artıq oradan ayrılmısan.
- Bəli, öz istəyimlə ayrılmışam. Şəxsi problemlərimlə bağlı buna məcbur oldum.

- Söhbətlər dolaşır ki, klub prezidenti Riad Rəfiyev haqqında bildirdiyin hansısa tənqid sonda iş yerindən uzaqlaşdırılmağına səbəb olub.
- Yox. Belə bir şey mümkün deyil. Çünki Riad Rəfiyevlə çox yaxşı münasibətimiz var. Uzun müddətdir bir-birimizi tanıyırıq. "Sumqayıt"da fəaliyyətə başlamağımda onun birbaşa köməyi olub. U-17-də Hakan Sünalın köməkçisi, həm də U12-də baş məşqçi çalışırdım. Şəxsi problemlərimə görə bir müddətlik icazə aldım. Belə vəziyyətdə mənim yerim boş qala bilməzdi. Ona görə də boş qalan yerə başqa məşqçi işə götürüldü. Mən də məcburiyyətdən ayrılmalı oldum.

- Yenidən qayıtmaq ehtimalın var ora?
- Yaxın müddətdə yenidən "Sumqayıt" Akademiyasında işə başlayacam

- Hakan Sünalla bir müddət bərabər işləmisən. Hər halda iş metoduna daha yaxından bələdsən. Nə düşünürsən, Almaniyadan gələn koordinatorun Sumqayıt futboluna faydası dəyəcəkmi?
- Fəaliyyəti haqqında yalnız müsbət fikirlər deyə bilərəm. Kaş digər klublarımızın da akademiyalarında Hakan kimi bacarıqlı kadrlar çalışardı. Məşq proqramları, uşaqlara yanaşma tərzi çox fərqlidir. Gəldiyi ilk gündən özünü hər kəsə sevdirməyi bacarıb.Məşqçilərə yüksək dəyər verir. Komandalarda məşqçi sayını artırdı. Hər yaş qrupunda 2 yox, hətta 3 məşqçinin olmasının vacibliyini vurğuladı. Futbol oynamayıb, amma futbolu ən yüksək səviyyədə bilən mütəxəssisdir.

- Bildiyimizə görə, o, sənin akademiyadan ayrılmamağın üçün çox çalışıb, amma gücü çatmayıb.
- Bəli, belə bir şey olub. Çünki üzərimdə aylarla əziyyət çəkmişdi. Öz iş metodunu aşılaya bilmişdi. İşlərinin çoxunu mənə həvalə edirdi. Həm də işimdən əlavə, bir insan kimi məni çox istəyirdi. Amma neyləmək olar, ayrılmağa məcbur idim.

- Sumqayıt məktəbi yaxşı istedadları ilə hər zaman ölkədə sayılıb-seçilənlərdən olub. Amma sanki son zaman bir qədər "quruluqdur". Nə düşünürsən, yaxın vaxtlarda yaxşı istedadlar görə bilərikmi?
- Hazırda çalışdığım kollektivdə yaxşı uşaqlar var. Hətta Tunar və Kamal adlı 9 yaşlı iki tələbəmi "Sumqayıt" akademiyasına göndərmişəm. O yaş qrupunda "Sumqayıt"ın uğurlarının əsas memarlarıdırlar

- Əziyyət çəkib hansısa istedadı üzə çıxarırsan. Akadamiyaya verdiyin uşaqların qarşılığında "Sumqayıt"la aranda hansısa razılaşma varmı?
- Xeyir. Qarşılıq olaraq nəsə ummuram. Riad Rəfiyevlə, Hakan Sünalla danışığımızda yaxşı istedadları akademiyaya verəcəyimi demişdim. Yetirmələrimin Sumqayıt akademiyasına getməsi, elə mənim üçün böyük stimuldur. Gələcəkdə yaxşı futbolçu olacaqlarsa, bir baş məşqçi üçün bundan böyük qazanc ola bilməz.

Xanoğlan İmanov

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!