“Sumqayıt“ın prezidentinə “meydan oxudu“: “Mən yolumdan dönən deyiləm“

14 Fevral 2020 16:24 Sumqayıt 1 621
“Sumqayıt“ın prezidentinə “meydan oxudu“: “Mən yolumdan dönən deyiləm“

Bir neçə gün öncə Sportinfo.az-da “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalın bir qrup valideynlə dəniz kənarında yemək-içmək masası ətrafında əyləşdiyini əks etdirən fotolar yayınlanmışdı.

Türk əsilli almaniyalı mütəxəssis Sumqayıta gələndən günü eyş-işrətdə keçir, yeyib-içmək məclislərinin daimi iştirakçısıdır.
Həmin açıqlama və şəkillər akademiyada futbolun sirlərini öyrənən uşaqların valideynlərinə məxsusdur.

Onlar redaksiyamıza müraciət edərək, baş koordinatorun imkanlı və imkansız ailələrin övladları arasında ayrı-seçkiliyə yol verməsindən şikayətlənib, klub prezidentinin bütün bunlardan xəbərsiz olduğunu bildiriblər.

Valideynlərin fikrincə, Sünal uşaq futboluna xüsusi diqqət göstərən Riad Rəfiyevin etibarından sui-istifadə edir. Biz olay haqda araşdırmalarımızı davam etdirərək, dünən də son xəbəri oxucularımıza çatdırmışdıq.

Bildirmişdik ki, klubun hörmətli prezidenti akademiyada yaşanan neqativ hadisələrdən saytımız vasitəsilə xəbər tutub. Daimi oxucumuz olan Riad bəy iclas keçirib və həm rəsmiləri, həm də baş koordinatoru tənbeh edib.

Sportinfo.az-a dərin hörmət bəslədiyini bildirən Rəfiyev bu kimi xoşagəlməz işlərin baş verməsindən təəssüfünü dilə gətirməklə kifayətlənməyib. Sünaldan özünü yığışdırmasını tələb eləyib.

Ötən ilin əvvəlindən burada çalışan türkiyəli isə cavabında qəbahət hərəkətə yol vermədiyini söyləyib. O, artıq Sumqayıtda xeyli tanındığını, insanların sevgisini qazandığını və iş saatından sonra müxtəlif görüşlərə dəvət aldığını deyib: «Məni qonaqlığa çağırırarlar, gedirəm. Özümlə ora məşqçiləri də aparıram. Burada pis nə var ki?».

Klubun prezidenti istənilən halda ona ehtiyatlı olmasını tapışırıb, yayılan məlumatların «Sumqayıt»ın imicinə xərbə vurmasını xatırladıb.

Qalmaqalın «baş qəhrəmanı» olan Hakan bəy bunlarla bağlı «Futbol+»ə açıqlama verib: “Sportinfo.az saytında gedən yazını diqqətlə oxudum.

Əvvəlcə qısa müddətdə Azərbaycanda özümü nə qədər rahat hiss etdiyimi, azərbaycanlıları çox sevdiyimi vurğulamaq istəyirəm. Çox gözəl ölkədə yaşamaq, mədəni insanlarla təmasda olmaq, istedadlı uşaq və gənclərin hər gün inkişaf etdiyini görmək mənim üçün çox xoşdu.

Ötən ilin yazında “Suqmayıt” rəhbərliyi ilə bir araya gələrək akademiya ilə bağlı görüşümüz oldu. Bildiyim qədər məndən öncə daha bir neçə mütəxcəssislə danışıqlar masası arxasına keçmişdilər. Həmin görüşdə qarşı tərəfin gələcəklə bağlı planlarını eşitdim, öz iş metodum, futbol fəlsəfəm haqda məlumat verdim.

Mənim üçün ilk pillədə işə münasibət, orijinallıq və fəaliyyət prinsipidi. Bütün bunlar ardıcıl və səmimi şəkildə həyata keçirilərsə, ortaya nəsə qoymaq mümkündü. Və bu niyyətlə ötən yazdan yola çıxdıq.

Ancaq görürəm ki, Sumqayıtda gördüyüm işlər, tətbiq etdiyim yeniliklər kimlərinsə xoşuna gəlmir. Lakin mən yolumdan dönən biri deyiləm. Mənə qarşı kimlərsə kampaniyaya başlayıbsa, bu artıq mənim uğurumdu.

İşləməyən, yalandan vaxt keçirib pul alan bəzilərindən fərqli hər gün böyük həvəslə başladığım işi davam etdirirəm. Yalançı tənqidlər, ictimaiyyətə mənfi obrazda təqdim olunmağım məni heç qorxutmur. Çünki vicdanım təmizdi, heç vaxt nəyinsə qarşılığında haqsızlığa yol verməmişəm, kiminsə haqqını yeməmişəm”.

Hakan bəy bəzi valideynlərin kimlərinsə adından istifadə etməsinə də toxunub: “Fikrimcə, bəzi valideynlər yalan informasiyanı mətbuata ötürürlər ki, məni ləkələsinlər, bu günə qədər gördüyüm işlərə kölgə salsınlar, hörmətdən salsınlar.

Uşaqlarının istedadı akademiyada futbol oynamağa yetməyən valideynlər hər yola əl atırlar ki, məni burdan uzaqlaşdırsınlar. İstəklərinə çatmayınca, belə iyrənc əməllərə əl atırlar, mənə problem yaratmaq istəyirlər.

Ancaq nə qədər burdayam, perspektivi olmayan akademiyaya götürülməyəcək. Birdəfəlik hamı bunu bilsin və duysun.

Çalışdığım müddətdə var gücümlə buna qarşı mübarizə aparacam. Övladının gələcəyini düşünməyən bəzi valideynlər artıq öz çirkin əməlləri üçün mediaya da yalan məlumatlar ötürürlər.

Həmin saytlar isə heç nəyi dəqiqləşdirmədən, ötürülən məlumatın düz olub-olmadığını bilmədən oxucularına yalan informasiya çatdırırlar. Bu qədər rəzillik olmaz”.

“Sumqayıt” Futbol Akademiyasının rəhbəri sonda mediada yayılan şəkillər barədə də məlumat verdi: “ Məlum şəkillərə gəlincə, Almaniyadan qonaqpərvər bir ölkəyə gəldiyimi düşünürdüm.

İnsanların bir-birinə inteqrasiyası nə deməkdi? Yerli mədəniyyəti öyrənmək, insanların yaşam tərzini, nə düşündüyünü bilmək, ümumiyyətlə, dünyaya baxışından xəbər tutmaq üçün onlarla ünsiyyətdə olmaq vacib şərtdi.

Mən Almaniyada belə görmüşəm. Ona görə də məni qonaq çağıranda böyük məmnuniyyətlə təklifi qəbul etdim. Bu şəkil ötən ilin yayında çəkilib.

Bəyəm kiminsə qonağı olmaq, onunla bir süfrəni bölüşmək günahdı? Yazırlar ki, valideynlər yeyib-içmək verirlər ki, uşaqları akademiyaya qəbul olunsun. O fotodakı yoldaşların ancaq birinin övladı “Sumqayıt” Futbol Akademiyasındadı və onun da necə istedadlı olduğunu hamı bilir.

Onu da qeyd edim ki, həmin uşaq məndən əvvəl seçim yolu ilə akademiyaya qəbul olunub. Mən tənqidə dözə bilərəm, həm də dəf edə bilərəm. Ancaq mediada barəmdə o cür yalan yazmaq mənə yox, ilk növbədə azərbaycanlı oxuculara hörmətsizlikdi.

Bir daha görünür ki, burda qərəz var və kimlərinsə sifarişi əsasında ortaya çıxan məqalədi. Belə bir tamaşa Avropa ölkələrində mümkün olmazdı. Yenə bir daha diqqətinizi çəkmək istəyirəm ki, 2-3 məyus valideynə görə belə, birtərəfli məqalə yazmaq yolverilməzdi, jurnalistikaya xəyanətdi.

Sonda xahiş edirəm, Azərbaycan futbolunun inkişafında maraqlı olanlar belə iftira dolu yazıya inanmasınlar və Azərbaycanda müsbət yöndə görülən işlərə obyektiv qiymət versinlər.

Mən bu ölkəni həqiqətən yüksək qiymətləndirirəm və Azərbaycan futboluna müsbət təkan verməyə hazıram. Və fəaliyyətimdə də bunu göstərirəm.

Övladlarının kənarda qalması ilə barışmayan bəzi insanlar isə yaşananlarla barışmaq istəmir və mətbuat vasitəsilə məndən heyif çıxmağa çalışırlar”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!