“Maaşımın yarıbayarı azaldılmasına razı olsaydım, qalacaqdım”

11 Fevral 2020 23:00 Sumqayıt 1 275
“Maaşımın yarıbayarı azaldılmasına razı olsaydım, qalacaqdım”

Sportinfo.az xəbər verir ki, Premyer Liqada səkkiz komandanın mübarizə aparması, bu azmış kimi, əvvəlki illərə nisbətən maliyyənin azalması bir çox futbolçuları çıxılmaz vəziyyətə salıb.

Vüqar Nadirov məcburiyyətdən karyerasını başa vurdu, Vaqif Cavadovla Kamran Ağayevin qulaqları hələ də yoldadı, Kamal Mirzəyev, Nicat Qurbanov, Fuad Bayramov kimilər futbolsuz qalmamaq üçün Küveytdə, Gürcüstanda top qovur, Elvin Məmmədov özünə yeni iş yeri axtarır, Vüqar Bəybalayev “Səbail-2”nin sıralarındadı.

Ayrı-ayrı vaxtlarda adı çəkilən futbolçuların hər biri ilə danışıb, fikirlərini öyrənmişik. Bu dəfə Vüqara tribuna vermək qərarına gəldik (Futbol+).

Çempionatın ilk yarısında “Səbail”in əsas komandasında mübarizə aparan, 8 oyunda forma geyən futbolçunun mövsümün qalan hissəsində birinci divizionda çıxış etməsi maraq doğurmaya bilməz.

Halbuki qış fasiləsində yaranmış fürsətdən istifadə edib başqa komandaya keçə bilərdi. Səbəbkar hazırkı durumu ilə bağlı bunları dedi: “Bildiyiniz kimi, “Səbail-2”nin heyətindəyəm. Hamı kimi məşqlərimi edir, çempionata hazırlaşıram.

“Transfer pəncərəsi” bağlanıb, bu isə o deməkdi ki, maya qədər burda olmalıyam. Əvəzedicilərdə oynayacam, əsas komandada xidmətimə ehtiyac duyulsa, can-başla kömək edəcəm.

Müqavilə ilə “Səbail”ə məxsusam, əsas, yaxud əvəzedici komanda – fərq etməz. Oyun təcrübəsi, yaxud futbol baxımından geriləyəcəyimi düşünmürəm. Qarşıdakı 3 ayda komandaya fayda verməyə çalışacam ki, mövsümü çempion kimi başa vuraq”.

Sən demə, fasilədə Bəybalayevin iki təklifi olub, lakin heç biri baş tutmayıb: “Açığı, belə vəziyyətdə özüm də daim oynaya biləcəyim elita komandasına üz tutmaq istəyirdim.

Hətta bununla bağlı iki klubla söhbətimiz də olmuşdu. Sadəcə, heç biri ilə alınmadı, ortaq məxrəcə gələ bilmədik. Ona görə də müqavilə ilə məxsus olduğum “Səbail”də qaldım.

Mətbuatda maaşımın artırılmasını tələb etdiyimə görə ikinci komandaya göndərilməyim haqda xəbərlər yayılmışdı. Halbuki kökündən yalandı.

Hansı çempionatda futbolçu mövsümün ortasında maaşının artırılmasını tələb edə bilər? Sadəcə, məvacibimin azaldılması təklif olundu, mən də razılaşmadım. Cüzi məbləğ olsaydı, danışmaq olardı. Amma söhbət hansısa məbləğdən gedirdi.

Maaşımın yarıbayarı azaldılmasına razı olsaydım, əsas komandada qalacaqdım. Aftandil Hacıyevlə münasibətlərim qaydasındadı, aramızda heç bir problem yoxdu.

Dediyim kimi, nə vaxtsa məni yenidən əsas komandada görmək istəsə, can-başla xidmət edəcəm. Onsuz da heyətimiz geniş deyil. Bəlkə də nə vaxtsa xidmətimə ehtiyac duyular. Gələcəklə bağlı indidən nəsə demək çətindi. Maya qədər oynayım, gerisini zaman göstərər”.

Digər Xəbərlər
Xəbər Lenti