"Futbolçunun fikri başqa yerdədirsə..." "SUMQAYIT"DAN AÇIQLAMA

22 Dekabr 2019 21:55 Sumqayıt 1 170
"Futbolçunun fikri başqa yerdədirsə..."

"Neftçi" ilə kubokun cavab oyunundan sonra heç bir futbolçuya "bizə lazım deyilsən" söyləməmişəm" - "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında belə deyib.

Üç futbolçu qış fasiləsi dönəmində “Sumqayıt”dan ayrılmağa hazırlaşır. Bunlar Amil Yunanov, Elgün Nəbiyev və Ehtiram Şahverdiyevdir.

Mətbuatda yayılan xəbərlərə görə, onlar əsas heyətə düşə bilmədikləri üçün Sumqayıt təmsilçisindən ayrılmaq istəyirlər. Amil Yunanov bu mövsüm “Sumqayıt”da 10 oyunun iştirakçısı olub. Bütövlükdə 320 dəqiqə meydanda olan hücumçu qol vura bilməyib.

Elgün Nəbiyev 3 oyuna çıxıb. Cəmi 66 dəqiqə meydanda olan bu futbolçunun “Sabah”a qayıtması ehtimal olunur. Ehtiram Şahverdiyev isə cəmi bir oyunda meydana çıxıb ki, onda da 18 dəqiqə mübarizə aparmaq hüququ qazanıb.

Abbasov bildirib ki, getmək istəyənlərin yolunu bağlamayacaq, amma…

"Mən futbolçuları başa düşürəm. Ola bilsin, bəzilərinə az şans verilib. Halbuki daha çox oynamaq istəyirlər.

Kimsə getmək istəsə, oturub fikirləşəcəyik. Amma bu gün mən şəxsən heç bir futbolçunu göndərməyi planlaşdırmıram. Elə böyük heyətimiz yoxdur axı.

Ancaq yenə deyirəm, futbolçuların verəcəyi qərar mənim üçün önəmlidir. Fikri başqa yerdə olanda, bu, istər-istəməz onun oyununa mənfi təsir edir.

Biz Elgün Nəbiyevi yayda "Sabah"dan 1 illik icarəyə götürmüşük. Onun müqaviləsində belə bir bənd var ki, mövsümün ilk iki dövrəsində az şans qazanarsa, qışda öz klubuna qayıda bilər. Bu da iki klub arasında yaxınlarda aparılacaq danışıqlarda məlum olacaq. Amillə Ehtiram haqda qərar isə hələ verilməyib".

Xəbər Lenti