Mehdi Şərifi: "Məşqçi fərqli düşünə bilər, amma mən bu gün yaxşı oynadım"

30 Noyabr 2019 20:18 Sumqayıt 858
Mehdi Şərifi: "Məşqçi fərqli düşünə bilər, amma mən bu gün yaxşı oynadım"

"Sumqayıt"ın hücumçusu Mehdi Şərifi Premyer Liqanın XIII turunda "Keşlə"yə uduzduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. O, əvvəlcə məğlubiyyəti şərh edib.

- Bizim üçün olduqca vacib oyun idi. Udsaydıq, 3-cü pilləyə yüksələcəkdik. Əlimizə yaxşı fürsət düşmüşdü. Amma məğlub olduq. Halbuki qol şanslarımız oldu. Məğlub olmaya bilərdik. Yaxşı oynadıq. Amma həmişə qalib gəlmək olmur. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, gələn oyun daha yaxşı oynayarıq. Yaxşı komandamız var. Bu gün süni örtükdə oynadığımızdan çox yorulduq. Biz yaxşı meydançalarda məşq edir, oyun keçiririk. Bu meydança isə pis idi. Buna baxmayaraq, yaxşı çıxış etdik.

- "Qarabağ"a qalib gəldikdən sonra "Keşlə"yə uduzmaq necə hissdir?

- "Qarabağ"ı udduqduqdan sonra yalnız həmin gün sevindik. Hər bir oyun bizim üçün finala bərabərdir. Meydana çıxdığımız istənilən qarşılaşmada qələbə qazanmağa çalışırıq. Bu gün də yaxşı oynadıq.

- Ancaq Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, futbolçular qələbə ab-havasını üzərilərindən ata bilməyiblər...

- Əgər məşqçi belə düşünürsə, deməli, həqiqətən belədir. Çünki o, bunu bizdən daha yaxşı bilir. Mən yalnız öz adıma danışa bilərəm ki, bu gün yaxşı oynadım. Məşqçi isə bu barədə fərqli düşünə bilər.

- Azərbaycana gəlməkdə əsas məqsədin nədir? Sən də bura tramplin kimi baxırsan?

- Hazırda yalnız "Qəbələ" ilə keçirəcəyimiz növbəti oyun haqda düşünürəm.

Xəbər Lenti