Ayxan Abbasov Obradoviçin cavabını verdi - "Oyunları izləsəydi, belə danışmazdı"

15 Noyabr 2019 17:05 Sumqayıt 993
Ayxan Abbasov Obradoviçin cavabını verdi -

“Onun fikirləri ilə tanışam və hələ də başa düşə bilmirəm ki, bununla nə demək istəyib. Yəqin ki, Obradoviç bizim oyunları yaxşı izləmir“. Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasov deyib.

Dünən U-21-in baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə qarşı keçirdikləri oyunu şərh edib.

Serbiyalı mütəxəssis 1:0 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında klubları çalışdıran yerli həmkarlarının, xüsusən “Sumqayıt“ın “bostanına daş atıb:

“Heyəti müəyyənləşdirərkən hansı oyunçunun hansı klubda olmasına baxmıram. Bu gün "Sumqayıt"ın 3 oyunçusu meydana çıxdı. Sumqayıt şəhər stadionu bizi qane edir, yenə burada oynamaq istərdik. "Sumqayıt"ın futbolçuları daha çox çalışıb, məni vadar etməlidilər ki, onları stat heyətdə meydana buraxım”.

Serb çalışdırıcının fikirləri ilə razılaşmayan Abbasov öz arqumentlərini ortaya qoydu: “Yığmaya gedən futbolçulardan Elvin Cəfərquliyev Premyer Liqada ən çox oynayanlardandı.

Səbuhi Abdullazadə 11 turun 9-da meydana əsas heyətdə çıxıb və əksəriyyətində 90 dəqiqə meydanda qalıb. Süleyman Əhmədov əsas heyət üzvü olmasa da, tez-tez şans qazanır. Bilmirəm, Obradoviç elə deməklə nəyi nəzərdə tutur.

Ona qalsa, yığmaya dəvət alan gənclər arasında ən formada olanları "Sumqayıt"ın uşaqlarıdır. Klubumuzun əsas məqsədi cavanlara meydan verməkdir. Biz bu mövsüm ən çox gənc futbolçu oynadan komandayıq.

Onların yığmalara dəvət alması "Sumqayıt"ın xeyrinədir. Çünki beynəlxalq oyun təcrübəsi bu futbolçuların inkişafını bir qədər də sürətləndirir. Təəssüf ki, Milan Obradoviç onlara az şans verir. Hər bir məşqçinin öz baxışı var, biz ona qarışa bilmərik.

Ola bilər, Milanın gözündə digər futbolçular "Sumqayıt"dan gələnlərdən daha yaxşıdır və rəqabətdə uduzurlar. Bəlkə də o, elə demək istəməyib, ancaq istənilən halda fikrini daha düzgün ifadə etməli idi.

Premyer Liqada yaş limiti var və hər komandanın heyətində 21 yaşadək 1 futbolçunun əsas heyətdə meydana çıxması mütləqdir. "Sumqayıt"da isə onların sayı ikidir. Sonradan meydana daxil olanların 90 faizi limitə düşənlərdir.

Mən futbolçularımın millilərdə çıxış etməsini istəyirəm və bunun üçün çalışıram. Həmişə özlərinə deyirəm ki, ora dəvət almaq kifayət deyil, oynamaq lazımdır. Obradoviç "Sumqayıt"ın son turlardakı çıxışını izləsəydi, belə danışmazdı".

Digər Xəbərlər
Xəbər Lenti