"Neftçi"nin qarşısını almaq çətin idi" - MÜSAHİBƏ

28 Oktyabr 2019 17:01 Sumqayıt 539
"Neftçi"nin qarşısını almaq çətin idi" - MÜSAHİBƏ

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a müsahibə verib:

- “Neftçi” ilə görüşdə məğlub oldunuz. Yəqin ki, oyundan öncə “Neftçi”ni məğlub edə biləcəyinizi düşünürdünüz?
- Oyun çox çətin alındı. Amma biz oyuna yaxşı hazırlaşmışdıq. “Neftçi”nin necə oynayacağını bilirdik. Rəqibi yaxşı analiz etmişdik. Lakin “Neftçi” futbolçularının fərdi ustalıqları özünü göstərdi.

- Hesabı siz açsanız da, sonradan 4 xal qol buraxdınız. Səncə, nəyə görə belə alındı, niyə “Neftçi”nin qarşısını ala bilmədiniz?
- Bilirsiz, erkən qol bizi arxayınlaşdırdı. “Neftçi” arası kəsilməyən hücumlar həyata keçirməyə başladı. Onların qarşısını almaq çətin idi.

- Rəqib dörd qoldan ikisini penaltidən vurdu. İlk penalti zamanı isə Steven Monrozla mübarizə aparan sən idin. Həmin epizodu necə şərh edərdin?
- Hakimlər haqda onu deyim ki, hər şey qaydasında idi. Əliyar Ağayevin briqadası dəqiq işlədi. “Neftçi”nin ilk penalti epizoduna gəlincə, düzdür, Monroza mane olmaq üçün əlindən tutdum. Amma Monrozun yerə yıxılacağını düşünmədim. Baş hakim epizoda yaxın idi. Mənim səhvim idi. Həmin epizodda düzgün oynamadım.

- İlk dövrədə son dəqiqələri aqressiv və xoşagəlməz hadisələrlə yadda qalan matçda “Neftçi”yə uduzmuşdunuz. Demək olar ki, evdə “Neftçi”dən revanş ala bilmədiniz?
- Birinci oyun orada qaldı. Həmin oyunu heç xatırlamırdıq. Bu oyuna hazırlaşırdıq, sadəcə, evdə xal qazanmaq istəyirdik. Fərqi yoxdur, rəqib “Neftçi”dir, yoxsa başqası.

- Hazırda “Sumqayıt” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bu göstərici sizi razı salır, yoxsa necə?
- Bu bizi sevindirmir. Daha yaxşısını edə bilərik. Dekabra kimi turnir cədvəlində yüksələcəyimizə inanıram.

- Sabiq komandan “Neftçi” son turlarda uğurlu çıxış edir. Səncə, “Neftçi” cari mövsüm çempion ola biləcək?
- "Neftçi” çempionata yaxşı başlamamışdı. Amma indi yaxşı formadadılar. Düşünürəm ki, “Neftçi” çempionluq mübarizəsi apara biləcəklər. Sadəcə, çox çətin olacaq.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti