Şəhriyar Əliyev: "Gərək, müdafiəyə çəkilməzdik"

27 Oktyabr 2019 20:07 Sumqayıt 1 123
Şəhriyar Əliyev: "Gərək, müdafiəyə çəkilməzdik"

"Sumqayıt"ın kapitanı Şəhriyar Əliyev Premyer Liqanın IX turunda evdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Əvvəlcə matçla bağlı fikirlərini bilmək maraqlı olardı...

- Oyunun çətin keçəcəyini bilirdik. Ona görə də yaxşı hazırlaşmışdıq. Erkən qol vurub, müdafiəyə çəkildik. Gərək, belə etməzdik. Ustalıq səviyyəsi həqiqətən özünü göstərdi. Öz səhvlərimizdən uduzduq. Bunların üzərində işləyib, növbəti oyunlarda yaxşı nəticələr qazanmağa çalışacağıq.

- 9 tur keçməsinə baxmayaraq, "Sumqayıt" hələ də sabit oyun göstərmir. Bir tur udur, bir tr uduzur, növbəti tur heç-heçə edirsiz. Bunun səbəbi nədir?

- Zəif cəhətlərimizin üstündə işləyirik. Səhvlərimizi düzəltməyə çalışırıq. "Neftçi" ilə oyuna da xal qazanmaq üçün çıxmışdıq. Hər matçdan sonra məşqçi nələri düzəltməli olduğumuzu deyir. İnanıram ki, getdikcə daha yaxşı olacaq.

- Bu gün Dabonu zərərsizləşdirə bilmədiz...

- Dabo çempionatdakı ən yaxşı oyunlarından birini keçirdi. Onu dayandırmağa çalışdıq. Bəlkə də çox istəkli olduğumuzdan özümüz özümüzü "yandırdıq". Oyuna çox yaxşı hazırlaşmışdıq.

- Yəni, yaxşı mənada birinci dövrədəki məğlubiyyətin qisasını almaq istəyirdiz?

- Yox, qisas deməzdim. Baş məşqçi səbirli olmağı tapşırmışdı. Demişdi ki, heç nəyə fikir verməyin, öz oyununuzu oynayın. Nə olub, keçmişdə qalıb. Qisas söhbəti yox idi.

- Qapınıza təyin olunan ikinci penalti epizodunda hakim etiraz edirdiniz. Nədən narazı idiz?

- Elə bildim, epizod qapı xəttindən kənarda olub. Ancaq Əliyar Ağayev oyunu ideal idarə etdi. Hansı qərarı veribsə, düz verib.

Digər Xəbərlər
Xəbər Lenti