"Məşqçi futbolçuya qışqırmalıdır" - SERTAN TAŞKIN

21 Oktyabr 2019 00:27 Sumqayıt 647
"Məşqçi futbolçuya qışqırmalıdır" - SERTAN TAŞKIN

"Oyunun çətin keçəcəyini bilirdik. İki həftə ərzində matça olduqca ciddi hazırlaşmışdıq. Nəticə istədiyimiz kimi oldu, sevinirik".

Bu sözləri Premyer Liqanın VIII turunun "Səbail"lə səfər oyunundan sonra "Sumqayıt"ın müdafiəçisi Sertan Taşkın Sportinfo.az-a açıqlamasında deyib. Oyunla bağlı fikirlərini bölüşən futbolçu 2:0 hesablı qələbə şərh edib:

"Qol vurduqdan sonra da əks-hücumları fikirləşirdik. Çünki oyunu bunun üzərində qurmuşduq. Amma müdafiəyə çox çəkildik. Bu, bizim səhvimizdir. İlk dəfədir bu sxemlə oynayırdıq. Hələ tam öyrəşməmişik. Zamanla hər şey yaxşı olacaq".

Ayxan Abbasov oyun ərzində futbolçularına çox qışqırır, tez-tez iradlarını bildirir. Sertan bu amilin onlara mənfi təsir etmədiyini söyləyib: "Məşqçi futbolçuya qışqırmalı, kənarda öz tapşırıqlarını verməlidir. Bunun bizə ancaq xeyiri ola bilər. Hərdən oyun zamanı futbolçunun fikri başqa yerdə olur. Baş məşqçinin qışqırması bizi ayıldır".

Futbolçu "Sumqayıt"ın cari mövsümdəki qeyri-sabit çıxışının səbəblərindən də danışıb: "Açığı, bunu mən də bilmirəm. Bəlkə də hər şey oyuna hazırlaşmağımızdan asılıdır. İnam hər zaman var. Çalışırıq ki, meydanda bütün bacarığımızı ortaya qoyaq".

Müdafiəçi IX turda "Neftçi" ilə keçirəcəkləri matça da toxunub: "Meydana qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Digər Xəbərlər
Xəbər Lenti