Ayxan Abbasov İsayev haqqında - "Məncə, futbolçular belə səhv etməməlidirlər"

20 Oktyabr 2019 19:10 Sumqayıt 786
Ayxan Abbasov İsayev haqqında -

"O özü bizə müraciət elədi, peşman olduğunu bildirdi. Dedi ki, səhvə yol vermişəm, klubdan və azarkeşlərdən üzr istəyirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. 38 yaşlı mütəxəssis 5 aylıq fasilədən sonra komandaya dönən Aleksey İsayev barədə danışıb.

Abbasov bildirib ki, səhvini başa düşən yarımmüdafiəçiyə növbəti dəfə şans verəcək: "Xahiş elədi ki, ona bir daha şans verək. Biz də onun millinin üzvü olmasını və cavanlığını nəzərə alaraq, İsayevi bağışladıq.

Uzuq müddət hazırlıq keçmədiyindən, hazırda əvəzedici heyətdədir. Vəziyyətinə baxacağıq. Dediyinə görə, burada olmadığı müddətdə fərdi məşqlər edib. Hələ onunla üzbəüz əyləşib, geniş söhbət etməmişəm. Yalnız ayaqüstü görüşüb danışmışam.

Yenidən əsas komandaya qayıtması üçün hələ çox çalışmalıdır, etimadı doğrultmalıdır. Əlbəttə, onun mövsümün əvvəlində bura gəlməsi daha yaxşı olardı. Həm özü, həm də komanda üçün.

Çünki ötən mövsüm "Sumqayıt"ın tapıntılarından biriydi. Milliyə kimi yüksəldi. Məncə, futbolçular belə səhvə yol verməli deyil. İsayev məhz "Sumqayıt"da bu səviyyəyə çatmışdı.

Həmişə ona deyirdim ki, hər komandaya uyğunlaşa bilərsən, amma daha yaxşı futbolçu olmağın üçün bir yerdə iki-üç il stabil oynamalısan. Tez-tez klubu dəyişən futbolçu həmin effekti verə bilmir. Lakin gördüm ki, o, həmin vaxt başqa klublarda özünü sınamaq istəyir.

Yenə də çalışacağıq ki, kömək edək. Bu gün hər şey özündən asılıdır. Səhvini başa düşməsi yaxşı haldır. Məni ümidləndirən istəkli olmasıdır. Söz verib ki, tezliklə formasını bərpa edəcək və əlindən gələn köməyi əsirgəməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti