"Keşlə" məni geri saldı" - Amil Yunanov

21 Sentyabr 2019 20:50 Sumqayıt 1 177
"Keşlə" məni geri saldı" - Amil Yunanov

"Sumqayıt"ın hücumçusu Amil Yunanov Premyer Liqanın V turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportinfo.az-ın suallarını cavablandırıb. O, əvvəlcə qələbəni şərh edib.

- Belə havada oynamaq çətindir. Komandamız son 3 matçda uduzmuşdu. Az da olsa, üzərimizdə təzyiq var idi. Şükürlər olsun, qələbə qazandıq. Əsas olan 3 xal idi, onu da əldə etdik.

- Öz oyununu necə şərh edərdin?

- Bəzi məqamlarda epizodlardan istifadə edə bilmədim. Havanı bəhanə etmirəm, amma mövqe tutmaq çətin idi. Belə görüşlərdə, sadəcə, döyüşmək lazım idi. Vacib xallar qazandıq.

- "Sumqayıt"a ikinci gəlişindən sonra oyunun əvvəlki kimi alınmır. Bu, nə ilə bağlıdır?

- Ötən mövsüm "Keşlə"də son oyunlarda meydana çıxmadım. Bu da öz təsirini göstərir. Təlim-məşq toplanışımız çətin keçdi. Amma artıq hər şey qaydasına düşür. Yaxşıya doğru gedirəm. Çalışacam ki, əvvəlki amildən də yaxşı olum.

- "Keşlə"ni karyeranda geriyə addım saymırsan?

- Bəli, "Keşlə"yə keçmək məni geri saldı. "Sumqayıt"dakı son mövsümümdə 13-14 qol vurmuşdum. Ancaq "Keşlə"yə keçəndən sonra oyunumda eniş oldu. Halbuki pis başlamamışdım. Sonrası isə yaxşı olmadı. Mövsümün sonlarına doğru az şans qazandım. Bu amil məni geriyə atdı. İnanıram ki, vəziyyətdən çıxacağam.

- Qarşıda sizi "Qarabağ"la çətin oyun gözləyir...

- Bilirsiz ki, "Qarabağ" bu dəqiqə Azərbaycanın ən güclü komandasıdır. İstər-istəməz onlara qarşı oynayanda daha motivasiyalı olursan. Güclü komandalara qarşı oynamağı xoşlayıram. Bu, bizim üçün də yaxşıdır. Səfərdə oynasaq da, xal qazanmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti