«Sumqayıt» Premyer Liqada qalmaq yolunda mühüm addım atdı.
Tovuz səfərindən 1 xalla dönməyə hazır olan qonaqlar qələbəni özüylə evə apardı.
Bu, hava və su kimi vacib idi. Qalibiyyətin gətirdiyi sərinlik hər birinin içini «ərp»dən təmizlədi.
«Sumqayıt» iki dəfə hesabda geri düşdü, amma oyundan qopmadı, ruhdan düşmədi, sonda 3 xalın sevincini yaşadı. Bu, Samir Abasovun görmək istədiyi komanda idi.
O, aylardan bəri bunun uğurunda çalışır, fəqət, nail ola bilmirdi. Hər dəfə hansısa səbəb və ya problem Abasovun arzusunu ertələyirdi.
«Sumqayıt» Tovuzda mövsümün ən yaxşı oyununu keçirdi. Kamran Əliyevin qollarını izlədik. Qələbə topunu vurduğu epizodda əsl hücumçuya xas keyfiyyətini nümayiş etdirdi.
Düşünmürəm ki. ideal forma yığıb, hələ ona qalıb. Kamranın parlayacağı oyunlar qabaqdadır.
Samir Abasov Tula «Arsenal»ından gəlmiş gənc forvarda daha çox şans verməlidir ki, o, nəyi bacardığını sübuta yetirsin.
Yəqin ki, «Sumqayıt» qarşıdakı həftələrdə turnir cədvəlinin «zirzəmi»sinə enməyəcək. Tovuzda qələbə onların oldu, qara buludları başlarının üzərindən bir az o tərəfə itələdilər.
Demək, mükafatın da bunda rolu oldu. Hər oyunda 1500 manatı «Sumqayıt»ın bütün futbolçuları istəyər. Maddi motivasiya nəticəyə hökmünü bu cür etdirdi.
KAMİL

